Regionda mehmanxana və restoran sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbir olan Qafqaz beynəlxalq «Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar» («Horex Caucasus») sərgisi bu il səkkizinci dəfə gerçəkləşəcək. 3-5 aprel tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək sərginin təşkilatçıları «Iteca Caspian» və «ITE Group plc» şirkətləridir.
«Iteca Caspian»dan verilən məlumatda bildirilir ki, sərgidə turizm xidmətləri üzrə müasir təmayüllər və yeni texnologiyaları, istehsalçıların konseptual tapıntıları, yüksək servis standartları nümayiş etdiriləcək. Sərgiyə Azərbaycan, Gürcüstan, Almaniya, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə və İsveçrədən aparıcı şirkətlər qatılacaqlar. Ekspozisiya uğurlu biznes üçün lazım olan bütün avadanlıq və ləvazimatları əhatə edəcək. Bu ilin yenilikləri arasında «lüks» səviyyəli supermarketlər üçün kompleks avadanlıqlar yer alır. Təqdimatlar əsnasında ziyarətçilər və qonaqlar ən yeni avadanlıqları bilavasitə iş prosesində görə biləcəklər.
Qonaqpərvərlik sənayesinin peşəkar mütəxəssisləri, restoran, kafe və digər iaşə müəssisələrinin, topdan və pərakəndə satış müəssisələrinin sahibləri, avadanlıq istehsalçıları, eləcə də ərzaq və içki məhsullarının təchizatçıları sərgiyə dəvət olunurlar. Sərgi aşpazlar, şirniyyatçılar və digər sənaye mütəxəssisləri üçün də faydalı olacaq.
Xatırladaq ki, «Horex Caucasus» sərgisi Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan ənənəvi Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (“AITF-2014”) ilə eyni vaxtda gerçəkləşəcək.
Fəxriyyə