İncəsənət elə bir yaradıcılıq sahəsidir ki, ömrünü ona həsr edənlərin qəbul edilmək, tanınmaq, sevilmək, dəyərləndirilmək kimi umacağı var. Təəssüf ki, bu sadalananların hər biri sənətə gələn hər kəsin qismətinə düşmür. Bəzən qəbul edilən tanınmır, tanınanın sevilmək şansı olmur, ya da sevilənin əməyi, istedadı layiqincə dəyərləndirilmir. Hər nədənsə, səhnəmizdə, çağdaş teatrımızda onlarla (bəlkə də yüzlərlə) aktyor, aktrisa var ki, ömür verdikləri sənətin dəyərini almayıblar. Ən azından onların mətbuat sarıdan qədirbilənlik umacağı var ki, biz də “Mədəniyyət” qəzeti olaraq ömür yolunu səhnədən salıb öz cığırından çıxmayan sənətçilərmizi daha yaxından tanımaq və tanıtmaq niyyətindəyik.

Beləliklə, “Yolun ki səhnədən düşdü” silsiləsindən ilk qonağımız Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gülcahan Salamovadır.

Həmişə sadə görünüşlü, üzündə ciddi təbəssüm olan, hətta səhnədən, ekrandan bizə baxanda da öz tamaşaçılarından, demək olar ki, heç fərqlənməyən bir xanım. Teatrın qrim otağında üzbəüz əyləşib söhbət edirik.

 

– Gülcahan xanım, necə oldu ki, yolunuz səhnədən düşdü…

– Sənət, peşə arzularım bəlkə də bir-birindən çox uzaq idi. Uşaq olanda üç sənətdən yaman xoşum gəlirdi: bağçada tərbiyəçi, hüquqşünas, bir də aktyor…

 

– Maraqlıdır…

– Görürsünüz, bir-birindən tamam fərqli sahələrdə özümü görürdüm…

 

–  Məncə, ilk baxışda nə qədər uzaq görünsələr də, onları birləşdirən incə bir tel var.

– Bəlkə də… Məktəbdə yaxşı oxuyurdum.

 

– Yəqin o illərin özfəaliyyət dərnəyində də çıxış etmisiniz?

– Yox… Hətta universitetə sənəd verəndə də qabiliyyət imtahanına təkcə hazırlaşdım. Sadəcə, maraqlandım ki, neyləmək lazımdır, məndən nə soruşacaqlar, özüm öyrəndim hamısını…

 

– Və elə ilk cəhddən də qəbul oldunuz…

– Sizə bir sirr açım. Aktrisa olmağı arzulasam da, tamaşaçılardan qorxurdum. Bizim teatrın aktrisası Səmayə Musayeva qonşumuza gəlib-gedirdi. Bir gün ondan soruşdum ki, aktyor səhnədə özünü necə hiss edir? Səmayə xanım səhnə arxasındakı həyəcandan danışdı, sonra dedi ki, salon dolu olanda biz səhnədə daha həvəslə çıxış edirik, elə ki, tamaşaya az adam gəlir, biz də həvəssiz oynayırıq. O danışdıqca, mən də uşaq sadəlövhlüyü ilə fikirləşirdim ki, kaş mən səhnəyə çıxanda salonda tamaşaçı az olaydı; adam az olsa, mən də həyəcanlanmaram (gülür).

 

– Qəribə sirriniz varmış…

– İndiyədək heç bir müsahibəmdə bunu deməmişəm. Orta məktəbi qurtarandan sonra iki il bağça müəllimliyinə, pedaqoji texnikuma sənəd verdim və… kəsildim. Üçüncü il fikirləşdim ki, daha qorxmaycağam, Mədəniyyət və İncəsənət Universitetinə sənəd verəcəyəm. Qabiliyyət imtahanında təmsil söylədim, mahnı oxudum, tapşırılan etüdü yerinə yetirdim. Sonda da məlum oldu ki, hər birindən 5 almışam.

 

– Musiqili komediya aktyorluğu ixtisası üzrə təhsil almısınız. Sənət müəlliminiz kim olub?

– Vaqif Ağayevin (görkəmli aktoyrumuz Əliağa Ağayevin oğlu) kursunda oxumuşam. Axırıncı kursda oxuyanda bizim kursu Rafiq Atakişiyevə verdilər. Rafiq müəllim o zaman Musiqili Komediya Teatrında işləyirdi və “Qızıl toy” tamaşasını yenicə səhnələşdirmişdi. Elə bizim diplom tamaşamız üçün də “Qızıl toy”u seçdi, mənə də Aygün rolunu tapşırdı. Universiteti bitirib teatra gələndə də məni “Qızıl toy” tamaşasına daxil etdilər. Böyük səhnədə də ilk rolum Aygün oldu.

 

– Əsas məsələ: tamaşa salonunu dolu görəndə qorxmadınız ki?

– Yox. Yavaş-yavaş alışdım…

 

– Səhnəyə də alışdınız, bir də gördünüz ki…

– Hə, bir də gördüm ki, ömür yarı olub, bu teatra da illərimi vermişəm.

 

– Bəs qazancınız nə olub?

– Bir-birindən maraqlı rollar, illərlə repertuardan düşməyən tamaşalarda məşğulluq, bir də tamaşaçı alqışı, tamaşaçı sevgisi.

 

– Bunlar “mən sənətimdən yarıdım” deməyə kifayət edir?

– …

 

– Gülcahan xanım, siz susursunuz, ona görə də mən öz fikrimi deyəcəyəm. Əgər müəyyən qiymətləndirmə sistemi varsa, o zaman gərək həmin bölgü ədalətli ola.

– Bəzən adamın ürəyi sınır, fikirləşirsən ki, niyə belə oldu? Axı, mən sənətə illərimi verdim. Deyim ki, bir neçə il Prezident mükafatçısı olmuşam, “Fəxri mədəniyyət işçisi” nişanı ilə təltif olunmuşam. İşləyirəm, tamaşalarda varam. Lap bu yaxınlarda mövsümün son premyerasını təhvil verdik: Anarın “Adamın adamı” tamaşasında Balaxanım obrazını mənə veriblər. Seriallara, filmlərə çəkilirəm. Düzdür, filmlərin çoxu komediyadır.

 

– Amma aralarında  “Bir qadın” serialında oynadığınız Firuzə də var.

– Elədir. Firuzə bəxtəvər qadın deyil, hətta övladını da itirir serialın sonunda.

 

– Bildiyim qədər, komik vəziyyət seriallarında uğurlarınız az deyil...

– “Niyə?” serialına çəkiləndən sonra küçədə, avtobusda uşaqlar məni göstərib deyirdilər ki, “bax, bax, Südabə xala!”. Bəzən də adamlar mənimlə rastlaşanda tanış olmaq istəyir, rollarım barədə suallar verirlər. Düzdür, ictimai yerdə belə münasibət görəndə diqqəti cəlb etdiyim üçün bir az utanıram. Amma bu da işimizin mükafatı, xalqın sevgisidir.

 

– Gülcahan xanım, şəxsi sual versəm, inciməzsiniz?

– Çalışaram…

 

– Bildiyim qədər, təksiniz…

– Elədir.

 

– Peşman deyilsiniz?

– 50:50-yə. Bir tərəfdən fikirləşirəm ki, bütün qərarlarımı verməkdə sərbəstlik, məişət qayğılarından qismən azad olmaq baxımından belə yaxşıdır. Amma xəstələnəndə, ya da ürəyini boşaltmağa, dərdləşməyə adam tapmayanda peşman olursan ki, kaş ailə quraydım, indi tək olmazdım.

 

– Niyə ailə qurmadınız? Qarşınıza çıxanlar sizi “ya səhnə, ya ailə” seçimi qarşısında qoydular?

– Yox. Boynuma alım ki, teatra təzə gələn vaxtlarımda evlilik məni qətiyyən düşündürmürdü, karyera hayında idim. Sonralar da ürəyimə yatan adamla rastlaşmadım. Sevmədiyin, ürəyincə olmayan adamla necə birlikdə yaşamaq olar?

 

– Hərçənd yaşayanlar var, amma mən sizin fikrinizə şərikəm.

– Deməli, mənim də qismətim belə yazılıbmış. Hərçənd mən özümü tənha saymıram. Çoxuşaqlı ailədə böyümüşəm. 4 qardaş, 2 bacı olmuşuq. Bu gün bacımın balalarını, nəvələrini öz balam kimi sevirəm.

 

– Keçmişə boylananda nə üçün darıxırsınız?

– Uşaqlığım üçün. Rəhmətlik anam Ofeliya Aslanı çox sevərdi. Onu bir obrazının adı ilə Matan çağırardı. Mən ilk dəfə deyəndə ki, aktrisa olacağam, anam soruşdu ki, Matan kimi? Təəssüf ki, universiteti bitirməyimə az qalmış anam vəfat etdi, məni səhnədə görmək ona qismət olmadı. Bir də… Bacım üçün darıxıram. COVİD 19-un sonuncu dalğası gələndə ikimiz də yoluxduq. Mən sağaldım, amma bacım yox…

***

Aktrisa Gülcahan Salamovanı çağdaş Azərbaycan səhnəsindən, ekranından xəbərsiz birinə göstərsək, onları lap elə şəxsən tanış etsək, həmin şəxsin bəlkə ağlına da gəlməz ki, Gülcahan xanım aktrisadır, özü də komediya əsərlərində yetişib püxtələşmiş, hər cür tipaj yaratmağa qabil aktrisa, – inanmaz. Çünki Gülcahan Salamova yolu səhnədən düşdüyü üçün, özünü həmin səhnədə tapdığı üçün xoşbəxt ola bilən, qalmaqaldan, sənətdə nəyisə qamarlamaq uğrunda mübarizədən, haqlı-haqsız iddialardan uzaq sənətçidir. Gülbikəsi, Gülnazı, Aygünü, Qəndabı, Fatması, Anaxanımı, Qəməri, Gülpərisi, Gövhəri, Firuzəsi, Südabəsi ilə hər birimizə yaxın rəfiqə, doğma bacı təəssüratı bağışlayan xanımdır. Bəlkə də əsl sənətçi xanım elə onun kimi olmalıdır: təvazökar, sakit təbiətli, işinin ustası...

Gülcahan Mirməmməd