1959-cu ildə Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü keçirilmişdi. Bu, 1938-ci ildəki (aprel) dekadadan sonra ittifaq (SSRİ) miqyasında Azərbaycan mədəniyyətinin ikinci böyük təntənəsi idi.
Birinci dekada musiqi sənətimiz üçün, ilk növbədə, Üzeyir Hacıbəylinin “Koroğlu” operası və “Arşın mal alan” operettasının Moskva səhnəsində qazandığı alqışlarla əlamətdar olmuşdu. İkinci dekadada (1959-cu il 22-31 may) isə Üzeyir məktəbi yetirmələrinin – Qara Qarayevin “Yeddi gözəl” baleti, Fikrət Əmirovun “Sevil” operası, Soltan Hacıbəyovun “Gülşən” baleti və başqalarının əsərləri Moskvada uğurla nümayiş olunub.
“Yeddi gözəl” baletində əsas partiyaları Azərbaycan SSR-in Xalq artistləri Leyla Vəkilova və Konstantin Bataşov (1918–1991; Tiflisdə doğulub, 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub) və Belarusdan balet artisti Nikolay Krasovski (1933–1989; 50-ci illərin ikinci yarısında Bakıda sənət fəaliyyəti göstərib) oynayıblar.
Fotoda: Moskvada, Böyük Teatrda Azərbaycan SSR incəsənəti və ədəbiyyatı ongünlüyündə Q.Qarayevin “Yeddi gözəl” baletinin nümayişi. Ön planda K.Bataşov – Mənzər, L.Vəkilova – Ayşə və N.Krasovski – Bəhram rollarında (1959)
Azərbaycan Respublikası Kino Foto Sənədləri Arxivi (inventar N 26604)