Bəstəkar Xədicə Zeynalovanın Almaniya və ABŞ-də “Ave Maria” adlı konserti keçirilib və musiqi albomu işıq üzü görüb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Layihə haqqında danışan sənətçi deyib: “Bu əsərin özəlliyi ondan ibarətdir ki, mən Şərqlə Qərb arasında əlaqə yaratmağa çalışmışam. Azərbaycan xalq musiqisinin ritmlərindən, muğam elementlərindən də istifadə etmişəm”.

Qeyd edək ki, xalqlar arasında sülhə həsr olunan layihə Almaniyanın Mədəniyyət Fondu, “Lippe” Regional Assosiasiyası və “Bridge of Sound” kamera ansamblının maliyyə dəstəyi ilə həyata keçirilib. Səsyazma 2023-cü ilin avqustunda Marienmünster şəhərində aparılıb.

Xədicə Zeynalova “Bridge of Sound” ansamblının bədii rəhbəri, “Harmony of Sound” beynəlxalq musiqi festivalının təsisçisidir. O, hazırda Almaniyada yaşayır və Azərbaycan musiqisinin təbliği istiqamətində konsertlərin təşkili ilə məşğul olur.

Bəstəkarın əsərləri müxtəlif ölkələrdə keçirilən müasir musiqi festival və konsertlərində səsləndirilib.

Bəstəkar Almaniyada təqaüd və mükafatlara, eləcə də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təltiflərinə layiq görülüb.

Lalə