Hər bir hadisə özlüyündə bir tarixdir. Amma o hadisələr tarixin yaddaşında qalır ki, onlar xalq üçün, ölkə üçün əhəmiyyət kəsb edir. Mədəni həyatda da həmçinin. 2010-cu ildə Azərbaycanın mədəniyyət təqviminə daxil olan və hər il müxtəlif ölkələrdən musiqi kollektivlərini, ifaçıları bir araya gətirən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı da belə hadisələrdəndir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin bədii rəhbəri olduğu bu festival hər yay qədim diyarımız Şəkidə musiqi bayramı kimi keçirilir. Bu illər ərzində ümumilikdə 35 ölkədən musiqiçilər öz çıxışları ilə “İpək Yolu”nda iz qoyub.

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu dəfə də festival zəngin proqramı ilə sənətsevərlərə musiqi ziyafəti bəxş etdi. 5-7 iyul  tarixlərində keçirilən XIII Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı tarixi hadisə kimi yaddaşlarda qalacaq.

***

İndi isə festivalın proqramından bir qədər ətraflı bəhs edək.

İyulun 5-də, festivalın ilk günü öncə “Yuxarı Karvansara” mehmanxana kompleksinin həyətində Rusiyanın Kazan şəhərindən (Tatarıstan Respublikası) gələn mahir bayan ifaçısı Aydar Salaxov bizim ifaçılar Kamil Mustafayev (bas-gitara) və Əli Nəsiblə (zərb) bir səhnəni bölüşərək maraqlı repertuarla çıxış etdilər. Qonaq musiqiçinin ifasında A.Vivaldinin “İlin fəsilləri”ndən “Qış”, Montinin “Çardaş”, öz bəstəsi olan “Təsadüfi görüş” və digər əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Axşam “Marxal” istirahət kompleksinin Yay teatrında festivalın təntənəli açılış mərasimi oldu.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, festivalın bədii rəhbəri Xalq artisti, professor Firəngiz Əlizadə və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı çıxış edərək festivalın əhəmiyyətindən danışdılar, festivalın işinə uğurlar dilədilər. Sonra səhnə “İpək Yolu”nun qonaqlarından indoneziyalı musiqiçilərin – “Mila Art” rəqs qrupu və “Hamdani” musiqi qrupunun ixtiyarına verildi.

“Mila Art Dance” 2012-ci ildə Mila Rozinta Totoatmojo tərəfindən yaradılmış qadın artistlərdən ibarət rəqs qrupudur. Qrup birgə sənət, yaradıcılıq və təcrübə məktəbidir. Yarandığı il 8 üzvdən ibarət olan “Mila Art” qrupu hazırda 22 sənətçi ilə İndoneziyanın musiqi mədəniyyətini dünyada təmsil edir. Qrup həm də həvəskarların istedad və yaradıcılıqlarının inkişafı üçün “Mila Art Dance School” məktəbini yaradıb.

“Hamdani” musiqi qrupunun əsas xüsusiyyəti İndoneziyanın milli musiqi alətlərindən istifadə ilə bu ölkənin musiqisini inkişaf etdirməkdir. Qrupun repertuarı həm ənənəvi, həm də müasir İndoneziya musiqi elementlərini özündə birləşdirir. Bir çox festivallarda çıxış etmiş “Hamdani” 2022-ci ildə İndoneziyanın Bakıdakı səfirliyi tərəfindən təşkil edilmiş mədəni tədbirlərin də iştirakçısı olub.   

Kollektivlər “İpək Yolu” festivalında müəyyən süjet xəttinə əsaslanan kompozisiyalarla    çıxış etdilər. Rəqslərin bəzilərində onların vokal ifaları da səslənirdi. İndoneziyalı musiqiçi və rəqqasların çıxışları da maraqla qarşılandı.

***

“İpək Yolu” festivalı öz ənənəsinə sadiq qalaraq, yenə də yolunu Şəki Musiqi Kollecindən saldı. Bu musiqi təhsili ocağı festivalın keçirildiyi ilk illərdən onunla birgə yol gəlir. 2010-cu ildə festivalın bədii rəhbəri Firəngiz Əlizadə kollecə öz şəxsi royalını hədiyyə edib. Hər dəfə kollecin müəllim və tələbə heyəti festivala öz çıxışları ilə xüsusi rəng qatır.

Bu dəfə “İpək qızlar” (bədii rəhbər Xatirə Orucova) qrupunun ifasında Oqtay Rəcəbovun “Anam Azərbaycan” mahnısı, kamera ansamblının ifasında (bədii rəhbər Gülnar Həsənova) İ.S.Baxın c-moll konsertinin I hissəsi, Y.Doqanın “Vals”, eləcə də Emin Sabitoğlunun “Ad günü”, “Ölsəm, bağışla”, “Özgə ömür”, “Təhminə” kinofilmlərinə yazdığı musiqidən nümunələr səsləndi. Tələbələrdən Səma Mustafayevanın ifasında Qara Qarayevin “Eskiz” (müəllim Gülnar Həsənova), Xoşqədəm Paşayevanın tələbələrindən Aytac İbrahimova və Selcan Alimova Q.Qarayevin 4 və 6-cı prelüdü, a-moll əsərlərini məharətlə ifa etdilər. Mənsur Qaffarovun tələbəsi Yaqub Mustafayev də tarda A.Siqankovun “Ay parlayır” pyesini ifa etdi.

Sonda direktor Sərdar Şərifov Xalq artisti Firəngiz Əlizadəyə “İpək Yolu” festivalı çərçivəsində kollecə göstərdiyi diqqətə görə təşəkkürünü bildirdi. Firəngiz Əlizadə və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı müəllim və tələbələrə uğurlar dilədilər.

***

6 iyul proqramı, ilk növbədə, Hindistandan gələn “Bhangra” rəqs qrupunun çıxışı ilə də yadda qaldı. “Bhangra” xalq rəqsi növü kimi Hindistanın Pəncab bölgəsində fermerlər arasında mədəni və sosial bayram kimi yaranıb və demək olar ki, bu ştatın simvoluna çevrilib. Zəngin hind mədəniyyətinin bir layını təmsil edən qrupda bir neçə rəqqas qısa mahnılarla yellənən qolların müşayiəti ilə bədənin enerjili sıçrayışlarını nümayiş etdirir. Rəqs dhol nağarasının müşayiəti ilə ifa olunur, bhangra musiqisinin əlaməti olan sinxronlaşdırılmış ritmik xarakter verir. “İpək Yolu” festivalına təşrif buyuran “Bhangra” rəqs qrupu üzvlərinin hər biri bacarıqlı, peşəkar ifa ilə yadda qaldılar.

Konsert çərçivəsində həm də Hindistan və Azərbaycan milli mətbəx nümunələri və adət-ənənələrinin bəzi atributları nümayiş olundu. Hindlilərin xınayaxma mərasimi və Şəkinin qədim təkəlduz sənəti üzrə ustad dərsi keçirildi. Bu qarşılıqlı münasibətin musiqi təcəssümü də səhnədə öz əksini tapdı. Əvvəlcə azərbaycanlı rəqqaslar “Zəfər” rəqsini, sonra Namiq Aslanov “Şəki” mahnısını ifa etdilər. Hindistanlı sənətçilərin rəqslərini maraqla izləyən tamaşaçılardan bir neçəsi hətta konsertin sonunda səhnəyə çıxaraq birgə rəqs etdilər. Bu faktın özü “İpək Yolu” festivalının xalqlar arasında mənəvi körpü olmasına əyani bir misaldır.

***

Artıq bir neçə ildir ki, festivalın təşkilində TÜRKSOY da yaxından iştirak edir. Bu il də onların dəvəti ilə Türkiyənin Bursa vilayətindən “İnəgöl” xalq rəqsləri qrupu, Qazaxıstandan isə Xalq artisti Baxtiyar Taylakbayev və Lara Rısbay festivalda iştirak etdilər. İyulun 7-də Şəkidəki Heydər Əliyev Mərkəzində keçirilən bu konsert də maraqlı gedişatı ilə tamaşaçılara xüsusi zövq verdi.

Əvvəlcə səhnəyə çıxan L.Rısbay Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısı ilə sanki Azərbaycan və qazax xalqlarının dostluq münasibətini ifadə etdi. B.Taylakbayev da öz növbəsində qazax və Azərbaycan xalqlarının dostluğunun möhkəmlənməsində festivalın əhəmiyyətini vurğuladı, öz ifalarını təqdim etdi.

Qazaxıstanlı müğənnilərlə Türkiyə rəqs qrupunun ifaları növbələşməklə maraqlı bir proqram təqdim olundu.

***

Axşam saatlarında isə “Marxal”ın Yay teatrında festivalın təntənəli bağlanış mərasimi oldu. Xalq artisti, “Şəkinin fəxri vətəndaşı” Ağaverdi Paşayevin rəhbərliyi və dirijorluğu ilə Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblı xüsusi repertuarla çıxış etdi. Bu il 100 illik yubileyləri qeyd olunan unudulmaz bəstəkarlarımız Şəfiqə Axundova və Süleyman Ələsgərovun əsərlərindən ibarət musiqi çələngi təqdim edildi.

Əməkdar artistlər Almaz Orucova (xanəndə), Çinarə Heydərova (qanun), Xəyyam Məmmədov (kamança), müğənnilər Səbinə Ərəbli, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Zabitə Alıyeva, Sərxan Bünyadzadə, Taleh Yəhyayev, eləcə də Əməkdar artist Ceyhun Qubadovun rəhbərliyi ilə rəqs kollektivi tamaşaçılara musiqi zövqü aşıladılar. Proqram dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” ilə tamamlandı.

Konsertin repertuarı təsadüfi seçilməmişdi. Festivalın bədii rəhbəri Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin tələbələri Şəfiqə Axundova və Süleyman Ələsgərovun yad olunmasını və festivalın son musiqi nömrəsinin də Üzeyir bəyin əsəri seçilməsini öncədən təklif etmiş və kollektivlərin bədii rəhbəri Ağaverdi Paşayev proqramı bu istiqamətdə tərtib etmişdi. Sonda Üzeyir bəyin “Cəngi”sini həm xalq çalğı alətləri orkestri, həm də mahnı və rəqs ansamblı birgə ifa etdi. Bu kollektivlərin də hər birini Üzeyir bəy yaradıb və bu gün də onun ənənələri yaşamaqdadır.

***

Sonda qısa olaraq “İpək Yolu” festivalının ənənələrinə də nəzər salaq. Hər il olduğu kimi, bu dəfə də Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən festivalın simvolu hazırlanmışdı.  İcra başçısı Elxan Usubov və festivalın bədii rəhbəri Firəngiz Əlizadə hər konsertdən sonra səhnəyə çıxaraq həmin simvolu Rusiya, Hindistan, İndoneziya, Qazaxıstan, Türkiyə, eləcə də Azərbaycanı təmsil edən kollektivlərə təqdim etdilər.

Daha bir ənənə festivalın bağlanış mərasimində Bəstəkarlar İttifaqı, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY təşkilatı tərəfindən iştirakçıların, eləcə də festivalın işində fəal iştirak edənlərin təltif olunmasıdır.

İcra başçısı Elxan Usubov Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunan medalı Xalq artisti Firəngiz Əlizadəyə təqdim etdi. Festivalın təşkilində xidmət göstərən Şəki şəhər nümayəndələri də fəxri fərman  və diplomlarla təltif olundular. Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlıya “Şəkinin fəxri vətəndaşı” plaketi verildi. Elçin Qafarlı isə bir qrup sənətçimizə TÜRKSOY-un medal və fəxri fərmanlarını, təşəkkürnamələrini təqdim etdi.

XIII Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında zəhməti olan hər kəsə verilən mükafatlar da festival tarixinin bir səhifəsidir. Beləliklə, Şəkidə sayca 13-cü “İpək Yolu” festivalı tarixə çevrildi.

Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi