Azərbaycan

 

13 iyul 1889 – Maarif və mədəniyyət xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889–1960) Şuşada anadan olub.

13 iyul 1910 – Yazıçı-dramaturq, tərcüməçi Nağı Kərim oğlu Nağıyev (1910–1981) Naxçıvan MR Culfa rayonunun Yaycı kəndində anadan olub.

13 iyul 1926 – Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (1926–2001) anadan olub. “Yolda”, “Xatirələr”, 20 Yanvar mövzusunda “Qatillər” tabloları və s. əsərlərin müəllifidir.  20-dək ölkədə sərgisi keçirilib.

13 iyul 1936 – Kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936 – 4.5.2004) anadan olub. “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Babək” və s. filmlərin quruluşçu operatoru olub. “Şir evdən getdi”, “Sizi dünyalar qədər sevirdim” və s. bədii filmlərə quruluş verib.

13 iyul 1946 – Bəstəkar Eldar Səid oğlu Rüstəmov (1946–2010) anadan olub. Romans, süita, oda və s. janrlarda əsərlər, filmlərə musiqilər yazıb.

13 iyul 2001 – Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (19.8.1912 – 2001) vəfat edib. . “Məhəbbət”, “Partizan Aliyə”, “Ana ürəyi” poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli” və s. kitabların müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

 

14 iyul 1905 – Aşıq Alıxan Qarayazılı (Alıxan Qurban oğlu Ömərov; 1905–1998) Gürcüstanın Qarayazı bölgəsinin Kosalı kəndində anadan olub.

14 iyul 1914 – Ədəbiyyatşünas, tərcüməçi Kövsər Məmməd qızı Tarıverdiyeva (1914–2014) İrəvan şəhərində doğulub. 50 ildən çox Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı tarixini tədris edib.

 

15 iyul 1925 – Xalq artisti, müğənni-pianoçu, professor Rauf İsrafil oğlu Atakişiyev (1925 – 3.2.1994) Bakıda anadan olub. 1953-cü ildən Akademik Opera və Balet Teatrının solisti olub, bir çox xarici ölkələrdə çıxış edib.

15 iyul 1926 – Xalq artisti Sədayə İsmayıl qızı Mustafayeva (1926 – 13.8.2004) Şəkidə anadan olub. Şəki, Gəncə Dram teatrlarında çalışıb, filmlərdə (“Mən ki gözəl deyildim”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət” və s.) yaddaqalan obrazlar yaradıb.

15 iyul 1928 – Tanınmış tərcüməçi Mehdi Mirkişi oğlu Mirkişiyev (1928–1992) Cəbrayıl rayonunun Mirzəcanlı kəndində anadan olub. Rus dilindən çoxsaylı ədəbi tərcümələr edib.

15 iyul 1930 – Bəstəkar, Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev (1930 –14.12.2015) anadan olub. “Bakı-90” simfoniyası, kamera orkestri üçün “Noktürn” və s. əsərlərin müəllifidir. Filarmoniyanın bədii rəhbəri, Opera və Balet Teatrının direktoru olub.

 

16 iyul 1913 – Xalq artisti, müğənni Mirzə Əbdülcabbar oğlu Babayev (1913 – 13.1.2003) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, filmlərdə (“Telefonçu qız”, “Dərviş Parisi partladır”, “Dəli Kür” və s.) maraqlı rollar oynayıb.

16 iyul 1934 – Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Həsən oğlu Əliyev (1934 – 13.11.2021) anadan olub. Bakı şəhərinin baş memarı (1974–1988) işləyib. Bir sıra mədəniyyət saraylarının, Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin (Ö.Eldarovla birlikdə) layihə müəllifidir.

16 iyul 1949 – Əməkdar artist, bəstəkar, skripka ifaçısı Fərhəng Rəhim oğlu Hüseynov (1949 – 16.2. 2010) anadan olub. Yaponiyada “İpək Yolu” müsabiqəsinin (1991) qalibi kimi “Kodayu” operasını yazıb, simfonik əsərlər müəllifidir.

16 iyul 1958 – Xalq artisti İlham Təvəkkül oğlu Əsgərov (1958 – 6.9.2015) Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında, filmlərdə (“Doğma sahillər”, “Biz qayıdacağıq”) maraqlı rollar oynayıb. Filmlərin səsləndirilməsində iştirak edib.

16 iyul 2022 – Azərbaycan telejurnalistikasının tanınmış simalarından biri, Əməkdar jurnalist Mais Məmmədov (12.7.1938 – 2022) vəfat edib.

 

Dünya

 

13 iyul 1841 – Avstriya memarı, müasir Avropa memarlığının banilərindən biri Otto Vaqner (Otto Koloman Wagner; 1841–1918) anadan olub.

13 iyul 1923 – SSRİ Xalq artisti Mixail Puqovkin (1923–2008) anadan olub. Əksəriyyəti komediya olmaqla 100-dək filmdə (“I” əməliyyatı...”, “Sportloto-82”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.) çəkilib.

 

14 iyul 1860 – Rus tarixçisi, şair, yazıçı və publisist Vasili Lvoviç Veliçko (1860–1904) anadan olub. Bir çox tarixi gerçəklərə işıq salan “Qafqaz” kitabının müəllifidir.

14 iyul 1903 – Amerika yazıçısı İrvinq Stoun (İrving Stone; 1903–1989) anadan olub. Görkəmli insanlar haqqında bioqrafik romanların müəllifidir.

14 iyul 1904 – Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1978) İsaak Başevis-Zinger (İsaac Bashevis Singer; 1904–1991) anadan olub. Əsərləri: “Şeytan”, “Nicatverən günahkar”, “Muskat ailəsi” və s.

14 iyul 1918 – İsveç rejissoru, ssenarist və yazıçı İnqrid Berqman (Ernst İngmar Bergman; 1918 – 30.7.2007) anadan olub. “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq” və s. filmlərə quruluş verib.

14 iyul 1928 – Gürcü yazıçısı Nodar Dumbadze (1928–1984) anadan olub. “Mən, nənəm, İliko və İllarion”, “Ağ bayraqlar” romanları, “Kukaraça” povesti və s. əsərlərin müəllifidir.

 

15 iyul 1606 – Holland rəssamı Rembrandt Hermens Van Reyn (Rembrandt Harmenszoon van Rijn; 1606 – 4.10.1669) anadan olub. Məşhur əsərləri: “Samson və Dalila”, “Valtasar qonaqlığı”, “Danaya”, “Avropanın oğurlanması” və s.

15 iyul 1901 – İtalyan filosofu, ekzistensializmin tanınmış simalarından biri Nikola Abbanyano (Nicola Abbagnano; 1901–1990) anadan olub.

15 iyul 1919 – İngilis yazıçısı Ayris Merdok (Jean Iris Murdoch; 1919–1999) anadan olub. “Tor altında”, “Dəniz, dəniz”, “Mələklər zamanı”, “Qara şahzadə” və s. romanların müəllifidir.

15 iyul 1924 – Çeçen rəqqası, SSRİ Xalq artisti Mahmud Esenbayev (1924–2000) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında rəqqasa həsr olunmuş “Əmək və qızılgül” (“Mən rəqs edəcəyəm”) filmi (rejissor Tofiq Tağızadə) çəkilib.

 

16 iyul 1723 – İngilis rəssamı və incəsənət nəzəriyyəçisi Coşua Reynolds (Joshua Reynolds; 1723–1792) anadan olub. Məşhur əsərləri: “Veneranın kəmərini açan Amur”, “İlanı boğan balaca Herkules” və s.

16 iyul 1911 – Amerikalı aktrisa və rəqqasə, “Oskar” mükafatı laureatı Cincer Rocers (Ginger Rogers – əsl adı Virginia Katherine McMath; 1911–1995) anadan olub.

16 iyul 1928 – Məşhur rus şairi Andey Dementyev (1928 – 26.6.2018) anadan olub. Populyar mahnıların sözlərinin müəllifidir.

Hazırladı: V.Orxan