İyulun 10-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2023” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib.

AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsinin artıq ənənə halı aldığını söyləyib, AMEA ilə Azərbaycan Yazıçılar Birliyi (AYB) arasında əlaqələrin möhkəmləndirilməsi baxımından da tədbirin əhəmiyyətini qeyd edib. O, 2013-cü ildən başlanan “Ədəbi proses” müşavirələrini yazıçıların və tənqidçilərin məsuliyyətli hesabatı kimi dəyərləndirib, bu tədbirlərin ədəbiyyatımızın inkişafına, ədəbiyyatşünaslığımızın zənginləşməsinə xidmət etdiyini bildirib.

İsa Həbibbəyli vurğulayıb ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfəri alqışlayan, tərənnüm edən ədəbiyyat sonrakı illərdə onun mahiyyətini, fəlsəfəsini, reallığını göstərməyə başlayıb.

Sonra AYB-nin katibi Səlim Babullaoğlu “Ədəbi proses” müşavirələrinin keçirilməsinin mənbə yaratmaq, baş verənləri sistemləşdirmək və hesabat xarakteri daşımaq baxımından əhəmiyyətini vurğulayıb. AYB-nin “Dünya ədəbiyyatı” dərgisi barədə məlumat verən Səlim Babullaoğlu nəşrdə Ədəbiyyat İnstitutu əməkdaşlarının məqalələrinin çap olunduğunu diqqətə çatdırıb.

Tədbirdə “İlin ədəbi mənzərəsi”, “Poeziya”, “Nəsr”, “Dramaturgiya”, “Ədəbi gənclik (gənc nəsillərin yaradıcılığı)”, “Ədəbi tənqid”, “Publisistika”, “Uşaq ədəbiyyatı”, “Cənubi Azərbaycan ədəbiyyatı”, “Bölgələrdə ədəbi həyat” və “Bədii tərcümə” mövzularında məruzələr dinlənilib. Təqdim edilən məruzələr toplu halında nəşr olunacaq.