AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Musa Quliyev uzun illərdir Kəngərlilər, Naxçıvanskilər və Şahtaxtinskilərlə bağlı bir çox faktları, tariximizin təhrifə məruz qalmış, yaxud yanlış bilinən həqiqətləri aşkara çıxarmağa çalışır. Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi Naxçıvanın tərəqqisində mühüm xidmətləri olmuş şəxsiyyətlərin öyrənilməsi, hazırlanan şəcərələri də onun imzasını daşıyır.
Alim bu günədək Tiflis, Sankt-Peterburq, Moskva, Vladiqafqaz, Odessa, Dərbənd, Bakı və Naxçıvan arxivlərində çoxsaylı arxiv sənədini aşkara çıxarıb, həmin sənədləri araşdıraraq elmi dövriyyəyə daxil edib.
Musa Quliyevin rus dilində yenicə işıq üzü görmüş “İrəvan xanlarının məktublar külliyyatı (XVIII əsrin sonları)” kitabı həmin məhsuldar fəaliyyətin davamıdır. Tədqiqatçı əsəri çapa hazırlamaqla bərabər, həm də kitaba yazılmış ön sözün (Azərbaycan və rus dillərində) və kitaba daxil edilmiş rus dilində əlavənin müəllifidir. Kitab akademik İsmayıl Hacıyevin və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın rəyləri, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı əsasında “Əcəmi” nəşriyyatında işıq üzü görüb.
336 səhifəlik kitab İrəvan xanlığının qonşu xanlıqlarla və Kartli-Kaxetiya çarlığı ilə apardığı diplomatik münasibətlərin təsvir edildiyi məktublardan bəhs edir. İrəvan xanlığının münşisi (sarayın katibi, tarixçisi – red.) olmuş Mirzə Məhəmməd Müslimin (Qüdsi) həmin məktublardan ibarət farsca külliyyatı rus qafqazşünası K.N.Smirnov tərəfindən rus dilinə tərcümə edilib. Həmin külliyyat Musa Quliyevin Gürcüstan Respublikasının Milli Əlyazmalar Mərkəzində qafqazşünas K.N.Smirnovun şəxsi fondunda apardığı axtarışlar nəticəsində əldə olunub.
Beləliklə, XVIII yüzillikdə İrəvan xanlarından Hüseynəli xana və onun oğulları Qulaməli xana, həmçinin Məhəmməd xana məxsus 268 məktubdan ibarət külliyyat və İrəvan xanlarının qonşu xanlıqlarla yazışmalarına aid 116 məktub da aşkarlanaraq Naxçıvana gətirilib. Həmin sənədlər İrəvan xanlığının tarixi, eləcə də qonşu xanlıqların və digər Azərbaycan xanlıqlarının tarixi ilə bağlı əsaslı və etibarlı mənbədir. Əldə olunan məktublar nəinki İrəvan xanlığının, həm də digər Azərbaycan xanlıqlarının Türkiyə (Osmanlı) ilə diplomatik əlaqələrinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.