İyulun 15-dən etibarən Danimarkanın paytaxtı Kopenhagenə gələn və ekoloji cəhətdən məsuliyyətli davranış nümayiş etdirən (məsələn, avtomobillər əvəzinə velosipeddən istifadə edən və ya qatarla səyahətə üstünlük verən) turistlər muzeylərə pulsuz gedə, ödənişsiz baydarka icarəyə götürə və hətta qəlyanaltı edə biləcəklər. Yerli hakimiyyət orqanları turistləri məsuliyyətli davranmağa təşviq etmək üçün bu qərarı qəbul edib.

“CopenPay” adlanan təşəbbüs ekoloji cəhətdən yaxşı davranışı şəhər müəssisələrindən istifadənin ödənilməsi üçün bir növ “valyuta” formasına çevirməyi nəzərdə tutur.

“CopenHill” süni xizək yamacına çıxmaq istəyənlər oraya velosiped və ya qatarla çatsalar, oradan pulsuz enə biləcəklər. Danimarka milli qalereyasına plastik tullantılarla gələn ziyarətçilər onları sənət əsərinə çevirmək üçün ustad dərslərində iştirak edə bilərlər.

Karen Bliksen Muzeyində bağlara qulluq etməyə kömək edənlər məşhur yazıçının evinə pulsuz giriş əldə edə biləcəklər. Şəhərin yeraltı sərgi salonuna çevrilmiş keçmiş su anbarına ziyarətçilər, sadəcə, piyada və ya velosipedlə gəlsələr, ödənişsiz bələdçi turu qazanacaqlar.

Kopenhagenin 24 mədəniyyət və əyləncə mərkəzi artıq bu yay sözügedən təşəbbüsdə iştirak etməyə razılıq verib. Səlahiyyətli orqanlar ekoloji cəhətdən məsuliyyətli turistlərin sayının əvvəlcə az olacağını güman edirlər və “CopenPay” sxeminin avqustun 11-dək davam edəcəyini bildirirlər. Layihə uğurlu olarsa, o ilboyu davam etdiriləcək.

Dövlət statistikasına görə, ötən il Danimarkada bir gecə və ya daha uzun müddət qalan 12 milyondan çox turist qeydə alınıb.

V.Kamal