Dünya əhalisi ilə bağlı yeni hesabat

 

11 iyul – Dünya Əhali Günü (World Population Day) ilə bağlı BMT-nin Əhali Fondu (UNFPA) yeni hesabat yayıb. Qeyd edək ki, bu gün 1987-ci ilin 11 iyulunda Yer kürəsi əhalisinin sayının 5 milyardı keçməsi ilə bağlı təsis olunub.

UNFPA-nın hesabatında qeyd olunur ki, 2023-cü ildə Hindistan ən çox əhalisi (1 milyard 429 milyon nəfər) olan ölkə olub. İkinci yerdə Çin (1 milyard 426 milyon nəfər), üçüncü yerdə ABŞ-dir (340 milyon nəfər). Bu üç ölkədə dünya əhalisinin 39,7 %-i yaşayır.

Ölkələrin ümumi əhalisi içərisində 0-17 yaş qrupu üzrə ən yüksək göstərici Niger və Mərkəzi Afrika Respublikasında (55,5%) qeydə alınıb. Uşaq əhalisinin ən az olduğu ölkə isə Cənubi Koreya (13,9%) və Yaponiya (14,1%) olub. Avropa İttifaqı (Aİ) ölkələri üzrə bu kateqoriyada İrlandiya (əhalinin 23,3%-i 0-17 yaş qrupundadır) öndədir. Uşaq əhalisinin nisbətinin ən aşağı olduğu Aİ ölkəsi İtaliyadır (15,1%).

15-24 yaş qrupunda Suriya dünyada 1-ci yerdədir – ölkə əhalisinin 24,1%-i. Ən aşağı gənclər nisbətinə malik ölkə isə Ukrayna (6,8%) olub. Bu göstəricidə Ukraynada davam edən müharibədəki qırğınlar, eləcə də gənclərin ölkəni tərk etməsi amilləri özünü göstərir. Aİ-yə üzv olan ölkələr arasında gənc əhali nisbəti yenə İrlandiyada (əhalinin 13,1%-i) yüksəkdir.

65 və daha yuxarı yaşda olan əhalinin sayına görə (“cırtdan” Monakonu hesaba almasaq) Yaponiya (əhalinin 30,1%-i) və İtaliya (24,5%) ön sıralardadır. Yaşlı əhalinin ən aşağı nisbətinə malik ölkə isə 1,6% ilə Qətər olub.

UNFPA-nın hesabatında 2023-cü il üçün dünya üzrə orta ömür müddəti 73,4 yaş göstərilib. Bu göstərici kişilər üçün 70,8, qadınlar üçün isə 76 yaş olub. Dünyada kişilər arasında ömür uzunluğunun ən yüksək olduğu ölkələr Monako (85,2 il), Lixtenşteyn (83,2 il) və İsveçrədir (82,6 il) .

Qadınlar üçün gözlənilən ömür uzunluğuna görə də Monako birinci (89 il) olub. Yaponiyada göstərici 88 il, Cənubi Koreyada 87,2 il ildir. Aİ ölkələr üzrə bu kateqoriyada ən yüksək göstərici (86,7 il) İspaniyadadır.