Təklif olunan səyahət paketləri əksər bölgələri əhatə edir
Qədim mədəni irsimizin zəngin ənənələrini yaşadan Novruz yurdumuza qədəm qoyur. Bir çoxlarını qarşıdakı bir həftəlik istirahəti harada və necə keçirmək düşündürür. Kimi bayram günlərini evində, kimi regionlarımızdakı istirahət məkanlarında, kimi də xarici ölkələrdə qeyd etmək niyyətindədir. Turizm şirkətləri səyahət həvəsində olanlara maraqlı turlar təklif edir.
Bölgələrə səfər etmək istəyənlər üçün
Səyahət təklifləri içərisində diqqəti cəlb edən istiqamətlərdən biri Zaqatala-Balakən-Siqnaxi-Tbilisi turudur. “Turizm.az” şirkəti tərəfindən təşkil edilən turun qiyməti 219 manatdır. 22-25 mart tarixlərində reallaşdırılacaq tur zamanı iştirakçıları müxtəlif əyləncələr gözləyir. Şirkətin daxili turizm departamentinin müdiri Sahib Ənsərovun dediyinə görə, turu sifariş edənlər çoxdur. Tur iştirakçıları iki əsr tarixi olan Zaqatala qalası, Balakən tarix-diyarşünaslıq muzeyi, rayon ərazisində yerləşən «Cümə» məscidi ilə tanış olacaq, Siqnaxi və Tbilisi şəhərini müxtəlif ekskursiya proqramları üzrə gəzəcək, habelə Şəkinin tarix-mədəniyyət abidələri haqqında məlumat ala biləcəklər.
Şirkət 20-21 mart tarixlərində Oğuz-Şəki istiqamətində daha bir tur təşkil edəcək. 95 manat qiyməti olan paketə hoteldə gecələmə, nəqliyyat, Oğuz və Şəki şəhərinə ekskursiyalar, əyləncəli oyunlar daxildir. Tur zamanı çəkilən şəkillər iştirakçılara pulsuz veriləcək. 24-25 martda Lənkərana da tur təşkil ediləcək. 77 manat qiyməti olan tur iştirakçıları Lənkəran şəhərinin tarixi, mədəniyyəti ilə tanış olacaq, cənub bölgəsinin mətbəxindən ləzzət alacaqlar.
Yerli turlardan əlavə, şirkət xaricə, o cümlədən Misirin Şarm əl-Şeyx şəhərinə, İstanbula, Tailanda turpaketlər təqdim edir.
Avropa və Asiya ölkələri daha populyardır
Novruz tətilini xarici ölkələrdə keçirmək istəyənlərin də seçim imkanları genişdir. «Xəzər travel» bayram münasibətilə çeşidli xidmətlər təklif edir. Şirkətin direktoru Abbasqulu Məmmədovun sözlərinə görə, bu il ənənəvi Türkiyə və Dubay istiqamətlərindən əlavə, Asiya ölkələrinə, o cümlədən Tailand, Sinqapur, Malayziyanı seçənlər də çoxdur. Şirkət ölkədaxili turlar da təşkil edir. Təklif edilən turlardan daha çox sifariş olunanı isə Qəbələ, Quba, Qusar və Lənkəran istiqamətinədir. Turlar zamanı iştirakçılar üçün yerli hotellər də müxtəlif şənliklər, əyləncələr hazırlayıblar.
«İmprotex travel» Novruz münasibətilə Şri-Lankaya və İspaniyanın Barselona şəhərinə turlar təşkil edir. Şirkətin direktor müavini Yelena Xramsovanın sözlərinə görə, müxtəlif qitələrdə yerləşən bu iki istiqamətin özünəməxsus özəllikləri var. “Şirkətimizin mütəxəssisləri Azərbaycan vətəndaşlarının səyahət coğrafiyasını maksimum genişləndirməyə çalışırlar. Turpaketlərə gediş və qayıdış biletləri, 3, 4 və 5 ulduzlu hotellərdə gecələmə, qidalanma, sığorta və şəhər boyu müxtəlif ekskursiyalar daxildir».
«VIP Travel» şirkəti isə bayramla əlaqədar Şri-Lanka, Barselona, Paris, Roma, Praqaya turlar təşkil edir.
«Ok-Tours» şirkətinin bayram turları da genişdir. Gəncə-Mingəçevir istiqamətində reallaşdırılan «River Side» turu 99 manatdan başlayır. 22-23 mart tarixlərində reallaşacaq tur zamanı iştirakçıları müxtəlif idman növləri üzrə yarışlarda iştirak, Mingəçevir və Gəncə şəhərinə ekskursiyalar, Kür çayı boyunca gəmi ilə səyahət, balıq ovu və digər əyləncələr gözləyir. Ailəvi istirahət edənlər üçün 5 yaşına qədər uşaqlara səfər pulsuzdur.
«Şahdağa» qış mövsümünün son turu
«Millennium» şirkəti müştərilərinə Novruzla bağlı yerli istirahət məkanlarımıza turlar təklif edir. Şirkətin daxili turizm şöbəsinin əməkdaşı Əfqan Şahquliyevin dediyinə görə, bu il Qəbələ, Mingəçevir-Şəki istiqamətində turlar təşkil edilib. İstirahət məkanlarında Novruzun personajları Keçəl və Kosanın iştirakı ilə şənliklərin keçirilməsi nəzərdə tutulur. Şirkətin təşkil etdiyi populyar turlardan biri də «Şahdağ» Qış-Yay Turizm Kompleksinədir. Builki qış mövsümünün sonuncu turunun qiyməti 29 manatdır.
Şirkət Novruz günlərində Türkiyəyə, Dubaya, Avropanın və Asiyanın müxtəlif ölkələrinə də turlar təklif edir. Xarici turlar üzrə menecer Jalə Nuriyevanın sözlərinə görə, bu il xarici ölkələrə turpaketlərin qiymətində artım var. Bu isə aviabiletlərin qiymətinin nisbətən qalxması ilə bağlıdır.
«Dərviş travel»in təklifləri də rəngarəngdir. Şirkətin baş direktoru Nadir Nadirovun sözlərinə görə, Novruz bayramı münasibətilə ölkəmizin Quba, Qəbələ, Şəki və Masallı rayonlarına müxtəlif turlar təşkil edilib. 2 və 3 günlük səfər müddəti turistlərin istəyinə uyğun olaraq artırıla da bilər. Qiymətlər ötən illə müqayisədə demək olar ki, dəyişməyib. 90-140 manat arasında olan qiymətə nəqliyyat xərci, hoteldə qalma və səhər yeməyi daxildir. Turistlərin yerləşəcəyi bəzi hotellərdə bayram şənlikləri təşkil olunacaq. Amma şənliyin qiyməti turpaketə daxil deyil.
Şirkətin Türkiyə, Dubay, Tailand, Malayziya və Avropa ölkələrinə də turları var. Novruz ərəfəsində bu ölkələrə turların qiymətləri qalxıb. Adıçəkilən ölkələrdə 3, 4 və 5 ulduzlu hotellərdə bir həftəlik səfər qiymətləri 800-1000 manat arasında dəyişir. Baş direktor bir məqamı da vurğuladı ki, hazırda Dubayda dincəlmək eyni şərtlərlə Avropa ölkələrində istirahətlə demək olar ki, eyni qiymətə başa gəlir. Ona görə də müştərilər daha çox Avropa ölkələrini seçirlər.
“Tərəkəmə çərşənbəsi”
“Heritage travel” şirkəti və “Miras” İctimai Birliyi Azərbaycanda ilk dəfə olaraq «Tərəkəmə çərşənbəsi» turu təşkil edib. İştirakçılar Ağsu rayonunun Gəgəli kəndində İlaxır çərşənbə mərasimində iştirak ediblər. Tura qatılanlar «Tərəkəmə çərşənbəsi»ni kənd evlərində qədim adət-ənənəyə uyğun keçiriblər. Tonqal qalanıb, yumurta döyüşdürülüb. Adətə görə kənd sakinləri niyyət edir, axşamdan səhərə qədər oyaq qalır, “çillə çıxarırlar”. Tura qatılanlar da yeri sakinlərlə birgə bu adət-ənənəyə şahid olublar. Bundan əlavə, iştirakçılar kənd sakinləri ilə birlikdə qurşaq atıb, müxtəlif oyunlar oynayıblar. Turun ikinci günü (19 mart) isə dan yeri ağaranda “Tərəkəmə çərşənbəsi” mərasimi ilə yadda qalacaq. Səfər iştirakçıları Orta əsr Ağsu şəhərindəki Cümə məscidi, su anbarları, yaşayış evləri və qızıl dəfinəsinin tapıldığı buzxana ilə də tanış olublar.
* * *
Beləliklə, Novruzu harada və necə qeyd etmək məsələsində rəngarəng imkanlar, çeşidli səfər turları var. Ən əsası isə odur ki, bu bayramı könül xoşluğu, yüksək əhvalla yaşayaq. Bayramınız mübarək!
Fəxriyyə Abdullayeva