Süni intellekt proqnoz verəcək
İnsanların üzlərinin hərarətini ölçməklə onların sağlamlıq vəziyyətini və qocalma dərəcəsini müəyyən etmək üçün üsul hazırlanıb. Süni intellektə əsaslanan texnologiyanın müxtəlif xəstəliklərin erkən diaqnozunu təxmin edəcəyi gözlənilir.
Alimlər üzün müxtəlif hissələrində temperaturun dəyişməsi ilə xəstəliklər arasında əlaqəni aşkar etmək üçün araşdırma aparıblar. Bu termal məlumatlarla öyrədilmiş süni intellekt modeli daha sonra müxtəlif bölgələrdəki temperaturlara baxaraq iştirakçıların istilik yaşını, yəni bioloji yaşlarını temperatur əsasında təxmin edib.
Çində aparılan araşdırmaya rəhbərlik edən Jing-Dong Jackie Han bildirib ki, “ThermoFace” adlanan üsul, metabolik xəstəliklərdən əziyyət çəkən insanların göz bölgəsinin daha isti olduğunu və daha sürətli termal yaşlanma göstərdiyini ortaya qoyub. O qeyd edib ki, “ThermoFace” müxtəlif testlərə və qan nümunələrinə ehtiyac olmadan, sadəcə olaraq, üz temperaturunu ölçməklə xəstəliklərə diaqnoz qoya bilər.
“Hüceyrə metabolizmi” jurnalında dərc edilən araşdırma yaşlandıqca burun və yanaqların daha da soyuduğunu müəyyənləşdirib. İştirakçıların qan nümunələrini təhlil edən alimlər göz və yanaq ətrafında temperaturun artmasının daha çox iltihabla əlaqəli olduğunu müşahidə edib. Metod hələ başlanğıc mərhələsindədir, lakin tədqiqatçılar erkən diaqnoz qoya bilən bu tətbiqin xəstəxanalarda istifadə ediləcəyinə ümidvardırlar.