Təşkilat Komitəsi yaradılıb

 

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Prezident İlham Əliyev iyulun 10-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcək.

Azərbaycanda III MDB Oyunları 2025-ci ilin oktyabr ayında keçirilməlidir.

Bununla bağlı yaradılan Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının gənclər və idman naziridir. Nazirlik və digər dövlət qurumlarının, bir sıra şəhər-rayon icra hakimiyyətlərinin rəhbər və məsul şəxsləri Təşkilat Komitəsinin üzvləridir. Mədəniyyət Nazirliyi də komitədə təmsil olunur.

Qeyd edək ki, MDB Oyunları ideyası Rusiya tərəfindən irəli sürülüb və ilk dəfə 2021-ci ildə Kazan şəhərində (Tatarıstan) keçirilib. 2023-cü ildə II MDB Oyunlarını Belarusun paytaxtı Minsk qəbul edib. MDB Oyunlarının iki ildən bir keçirilməsi nəzərdə tutulur.

2025-ci ildə, həmçinin Azərbaycanın Gəncə şəhəri “MDB-nin idman paytaxtı” missiyasını daşıyacaq.