AMEA Rəyasət Heyətinin iyulun 11-də keçirilən iclasında Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərovun “Azərbaycanda türklük, türkçülük və türkologiya” mövzusunda məruzəsi müzakirə olunub.
Məruzədən öncə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə dövlətimizin başçısı İlham Əliyevin liderliyində Azərbaycanın Türk dünyasının mərkəzində yer aldığını vurğulayıb. Bildirib ki, Şuşada (6 iyul) keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü və Qarabağ Bəyannaməsinin imzalanması bunu bir daha nümayiş etdirdi.
AMEA rəhbəri diqqətə çatdırıb ki, 1926-cı ildə Türk dünyasını ilk dəfə birləşdirən Birinci Türkoloji Qurultay Bakıda keçirilib və Azərbaycan tarixən olduğu kimi, bu gün də dünya türkologiyasının mərkəzi sayılır. Türk dünyası ilə bağlı önəmli tədqiqatlar aparılır, AMEA-nın elmi müəssisə və təşkilatlarında bu istiqamətdə şöbələr fəaliyyət göstərir və Türk dünyasının elmi qurumları ilə əlaqələr genişləndirilir.
Qeyd olunub ki, AMEA Rəyasət Heyətinin iclasına təqdim olunan məruzə də Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıq işlərinin bir parçasıdır.
Daha sonra akademik Nizami Cəfərov “Azərbaycanda türklük, türkçülük və türkologiya” mövzusunda məruzə ilə çıxış edib. Akademik qeyd edib ki, XX əsrin əvvəllərindən etibarən Azərbaycanda türkçülük məfkurəsi sistemli bir şəkil almağa başlayıb və Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və digər türkçülərin səyləri nəticəsində inkişaf edərək günümüzə qədər gəlib çatıb. Türk xalqlarının geniş inteqrasiyası ilə səciyyələnən müasir mərhələdə ümumtürk mədəniyyəti və genezisinin öyrənilməsinə böyük zərurət var.
“Türkologiyanın Azərbaycandakı vəziyyətini anlamaq üçün, ilk növbədə, türklük anlayışını təsəvvür etmək lazımdır. Azərbaycanda türklük ondan ibarətdir ki, biz dildə, ədəbiyyatda, mədəniyyətdə, tarixdə coğrafiya ilə etnosun münasibətlərini dəqiq aydınlaşdıra bilək. Azərbaycanın coğrafi sərhədləri Səfəvilər dövründən artıq müəyyənləşməyə başladı. Bu gün azərbaycanlı adlanan etnos milləti yaratmaq mənasında həmin coğrafiyanın hüdudlarından kənara çıxmayıb. Bəs, bu etnos bu coğrafiyaya hansı tarixi dövrdən bağlanır? Ən sadə izahı odur ki, dünya yaranandan. Bizim üçün əsaslandırılmış, ənənəvi türklük “Kitabi - Dədə Qorqud” eposudur. Azərbaycanda türklük xalqın etnososiokulturoloji əsası olaraq köklərini “Kitabi - Dədə Qorqud” eposundan alır...”, – deyə Nizami Cəfərov bildirib.
Azərbaycanda türkçülüyün uzun müddət daxildən və xaricdən böyük müdaxilələrə məruz qaldığını deyən alim türkologiyanın elm kimi Avropada, türkləri öyrənmək üçün formalaşdığını, Azərbaycanda isə türkologiyanın əsasını Bəkir Çobanzadənin qoyduğunu söyləyib.
Alim məruzəsində, həmçinin Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslığı, mədəniyyətşünaslığı, tarixşünaslığında azərbaycançılıq, türklük, müasirlik (ümumbəşərilik) parametrləri, daha az diferensiasiya, daha çox inteqrasiya formulu və digər məqamlara toxunub.
Mövzu ətrafında akademik Gövhər Baxşəliyeva, tarix elmləri doktoru Zemfira Hacıyeva, professor İsmayıl Kazımov, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.