Azərbaycan Kinematoqrafçılar İttifaqı və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən "Şirvanda kino günləri" layihəsinə yekun vurulub.
Layihənin sonuncu ünvanı Salyan rayonu olub. Salyanlı tamaşaçılar iyulunun 12-si günün birinci yarısında Salyan Dövlət Kukla Teatrında Qulu Əsgərovun "Mən burdayam, İlahi!" tammetrajlı bədii filmini izləyiblər.
Günün ikinci yarısında isə kinosevərlər Salyan rayon Heydər Əliyev Mərkəzində "Atam, anam, bir də mən", "İlkin şəhid" qısametrajlı sənədli, "Titrəmə", "Hasar" qısametrajlı bədii filmlərini izləyiblər.
Layihənin qonaq film bölməsində isə Kürçaylı Məmmədovun XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının "Ən yaxşı sənədli film" nominasiyasında "Qızıl nar" mükafatına layiq görülən "Sabahın xeyir, Sübh anası" filmi nümayiş etdirilib.
Nümayişlərdən sonra filmlərin ideya-sənətkarlıq məziyyətləri ilə bağlı müzakirə aparılıb, rejissorlar tamaşaçıların suallarını cavablandırıblar. Bununla da "Şirvanda kino günləri" layihəsi başa çatıb.
Xatırladaq ki, layihə üzrə Şirvan şəhəri, Neftçala, Salyan, Hacıqabul və Biləsuvar rayonlarında filmlərin nümayişi təşkil olunub.