“Azərbaycanfilm”in fotolaboratoriyasında söhbət-təəssürat
Bu günlərdə Hindistandan gəlmiş çəkiliş heyətinin fəaliyyəti haqqında məlumat almaq üçün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında oldum. Bura mənim üçün həmişə sirli məkandır. Sanki labirintdir.
Getməli olduğum otağa, yaxud qalxdığım mərtəbəyə yalnız bildiyim qapıdan daxil olmalıyam, əks halda, binanın içində dövrə vurub qalacağam. Bu dəfə də elə oldu. İstehsalat və ümumi şöbələrə gedən istiqamətdə çaşdım.
Uzun qaranlıq dəhlizlə addımlayarkən baş tərəfdə kölgəsi görünən adamı əlində köhnə film avadanlığına oxşar bir əşya ilə işıq düşən qapıya tərəf gedən gördüm. Addımlarımı yeyinlədib çatmaq istədim. Gözdən itdi. Bu an həmin işıq gələn otağın qapısı açıq qaldığından divardakı fotolar diqqətimi çəkdi. Məşhur argentinalı futbolçu Maradonanın böyük fotosu... Tam səmimi deyim ki, bəlkə də bu foto, ilk olaraq, diqqətimi cəlb etməsəydi, həm də tələsdiyimdən qaranlıq məkanın divarlarındakı digər fotoları görməyəcəkdim.
Halbuki bunlar adi fotolar deyil, kino salnaməmizdən bir yadigardır. “Azərbaycanfilm”in indi “qızıl” dediyimiz dövründə çəkilən filmlərdən fotolar. Sovet kinosu ulduzlarının əks olunduğu plakatlar...
Bu şəkillərə baxdıqca vaxtilə kinostudiyada çalışan fotoqrafları da xatırlayıram. Azərbaycan kino salnaməsinin foto yaddaşının toplanmasında, qorunub saxlanılmasında onların böyük zəhməti var. Boş otaqda bir neçə dəqiqəlik dayanıram və bir anlıq neçə-neçə ekran əsəri gözlərim önündən keçir. Bu an sanki qəribə bir sarsıntı keçirirəm. Bunu keçmiş üçün darıxmaq da adlandırmaq olar. Bəlkə də elə bu səbəbdən otağın boş olduğunu görsəm belə, ani olaraq qapını döyüb kimsənin olub-olmadığı ilə maraqlanıram. Elə bu an içəridən “Buyurun, kim lazımdır?” sədası gəlir. Dönüb baxıram. Kölgəsi görünən həmin adam üzbəüz yan otaqdan çıxıb mənə tərəf gəlir.
Qısa haşiyə. Kinostudiyanın tarixinə nəzər salanda görürük ki, müəssisənin adı əvvəlcə “foto” sözü ilə birgə çəkilib. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təşkil olunub və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. 1923–1926-cı illərdə kinostudiya I Dövlət Kinofabriki adlanıb. Sonradan AFKİ kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azdövlətkinosənaye”, “Azərfilm”, “Bakı kinostudiyası” və nəhayət, “Azərbaycanfilm” adlandırılıb. Kinostudiya 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.
Bu qısa məlumatdan sonra keçirəm birbaşa dəhlizdə rastlaşdığım bu mehriban insanla söhbətimizə. Natiq İbrahimov – fotoqraf.
– Bura hansı sexdir?
– Bura kinostudiyanın fotosexidir. İndi elə də aktiv fəaliyyət göstərmir. Amma mən burada ab-havanı qoruyub saxlamağa çalışıram.
– Otaqlara baxa bilərəm?
– Əlbəttə.
Mənə qarşıdakı otağı göstərir və işığını yandırır. Bura ötən əsrin 80-ci illərinə qədər istifadəyə yararlı olan foto materialları ilə doludur. Lentlər, avadanlıqlar, foto aşkarlamaq üçün xüsusi kimyəvi maddələr və s.
– Burada fotolar var?
– Xeyr. Hazırda bütün kinoarxiv fotolarla birlikdə Dövlət Film Fonduna təhvil verilib. Burada az sayda foto tapmaq mümkündür.
– Bəs yandakı otaq?
– Bura fotosınaq məkanıdır. Bəzən televiziyalara lazım olanda gəlib burada fotosınaq edirlər.
– Gördüyümüz bu fotokadrlar kinoda hansı işə yarayırdı?
– Bu fotolar, ilk növbədə, filmlə birlikdə mərkəzə, yəni Moskvaya göndərilirdi. Kinoplakatlar hazırlanırdı, filmin kadrları ilə eyniliyi də bəzən bu fotolarla yoxlanılırdı.
– Fotoşəkillər çıxarmaq üçün ləvazimata yenə ehtiyac var?
– Bəzən olur. Məsələn 20 Yanvar hadisələrinə həsr olunan film lentə alınarkən onlardan çəkilişdə istifadə edilib.
– Buradakı avadanlıqlar necə də salamat qalıb. Sanki laboratoriya hazırda tam fəaliyyət göstərir...
– Məndən əvvəl bu laboratoriyada peşəkar fotoqraflar çalışıb və rəhbərlik ediblər. Onların qoyduğu izi qorumağa çalışıram.
– Bəs bu köhnə telefon aparatları nə üçündür?
– Bəzən çəkiliş zamanı lazım olanda müraciət edirlər. Əfsus ki, indi çəkiliş yoxdur. Amma bəzən kənardan qısa film və reklam çəkilişlərində avadanlıq üçün kinostudiyaya müraciət olunur.
– Bu otağın özü də bir kino səhifəsidir. Fotoların əhatəsində insan sanki kino tariximizə səyahət etmiş olur. Zaman çarxı kimi. Kiminlə çalışmısınız burada?
– Görkəmli fotoqraf Pərviz Quliyevlə burada çalışmışam.
– Dediniz dublyajda da olmusunuz...
– İbtidai sinifdə oxuduğum zaman uşaq filmlərinin dublyajında da iştirak edib filmləri səsləndirmişəm. Bəzən mikrofona boyum çatmırdı, ayağımın altına stul qoyurdular. Elə o vaxtdan məndə kinoya sevgi yarandı və fotoqrafiya üzrə təhsil aldım. Yeri gəlmişkən deyim ki, istəməzdim bu məkan təkcə kino günü ərəfəsində yada düşsün. Bir gün gəlib çəkib göstərirlər, sonra da unudulur... Bir neçə il əvvəl buradakı işimdən uzaqlaşmışdım. Qayıdandan sonra yenidən mənə əziz olan bu sexdə əşyalara böyük diqqət və sevgi ilə baxıram. Çünki hər biri dəyərlidir, hər birində bir anın xatirəsi yaşayır.
– Burada nə vaxtdan çalışırsınız?
– 1981-ci ildən.
– 43 il... Yəqin çoxlu xatirələriniz var...
– Çalışdığım illər ərzində kinostudiyada görkəmli rejissor və aktyorlarımızı görmüşəm. Atam kinostudiyada mühafizə sahəsində işləyib. Uşaq yaşlarımdan, demək olar ki, burada böyümüşəm. Çalışdığım illərdə isə kino heyətləri ilə ezamiyyələrdə olmuşam. Yaddaqalan günlər idi...
– Hansı filmlərdə işləmisiniz?
– “Bəyin oğurlanması”, “Qəm pəncərəsi”, “Hökmdarın taleyi” və s.
– O vaxtlar kino çəkilişində fotoya tələbat var idi, bəs indi vəziyyət necədir?
– İndi telefonla çəkirlər bəs edir. Yəni peşəkar çəkiliş aparılıb neqativlər saxlanılmır. Əslində, foto filmin pasportudur. Moskvaya film aparılanda birinci neqativlərə baxırdılar... Xatirələrə gəlincə, Şamaxıda “Bəyin oğurlanması” filminin çəkilişləri gedirdi. Bir az gecikmişdik. Filmdə hadisələr yay aylarında baş verir. Artıq soyuqlar düşürdü və aktyorlar danışanda ağızlarından buxar çıxırdı. Rejissor bu incəlikləri birtəhər ört-basdır edə bildi...
– Bəs yaddaşınızda ən çox hansı film qalıb?
– Tarixi film olduğu üçün “Hökmdarın taleyi”. Ümumilikdə isə 37 filmdə çalışmışam. Montaj sexi üç növbədə çalışırdı. 1990-cı ilin 20 Yanvar hadisələrində üç gün bu sexdə qalmışam. Gizlicə daxil olan neqativləri çap edib ötürürdük ki, dünya Bakıda baş verənlərdən xəbərdar olsun. O zaman burada çalışanların fədakarlığından çox danışılıb, yazılıb. Hərbçilər studiyanın çıxışında dayanmışdılar. Bizi tutsaydılar, yəqin ki, heç birimiz sağ qalmazdıq...
– Kino və fotoqraf – bu anlayışları necə xarakterizə edərdiniz?
– Fotoqraf da rejissorla birlikdə çəkilişdə olur, ezamiyyətə gedir, günəşin, qarın, yağışın altında operatorla bərabər çalışır.
– İndi sizinlə söhbət əsnasında tanınmış fotoqraf, operator Elman Əliyevi xatırladım.
– Allah Elman müəllimə rəhmət eləsin. Qalanlara cansağlığı arzulayıram. Əvvəl burada işçilərin sayı çox idi. Laborant xanımlar da çalışırdı. Fotoqrafları bu filmdən o filmə çağırırdılar. Elə olub ki, bir fotoqraf eyni vaxtda iki filmdə işləyib...
Həmsöhbətimlə sağollaşıb binadan çıxıram. Fotolarsa gözümün önündədir sanki. Kino salnaməmizin yaddaş xəzinəsi. Onların arasında nadir fotolar da var. Vaxtilə bu fotolaboratoriyada çalışanlar özləri də bilmədən kinomuzun bu günü ilə keçmişi arasında körpü yaradıb, gələcəyə qiymətli bir miras qoyublar.
Lalə Azəri