Dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycanı bütün dünyada tanıdan şəxsiyyətdir. Onun həyat və yaradıcılığına bir çox ölkələrdə dərin maraq göstərilir. Məhz bu səbəbdən hər il Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyini ziyarət edənlər arasında çoxlu sayda əcnəbi qonaqlar da olur.
Azərbaycanda səfərdə olan ingiltərəli mədəniyyət işçisi Kört Piestrip və onun həyat yoldaşı öz amerikalı dostları ilə birgə iyulun 10-da muzeyi ziyarət ediblər. Onlar muzeyin direktoru Xalq artisti, bəstəkar Sərdar Fərəcovla səmimi söhbət ediblər.
Kört Piestrip iyirmi il öncə dahi Üzeyir bəyin ölməz musiqisinin sorağı ilə Bakıya gələrkən bəstəkarın ev-muzeyini ziyarət etdiyini, Şərqdə ilk operanın banisinin yaşadığı evin onda böyük maraq oyatdığını, təəssüratının çox zəngin olduğunu deyib. O, indiki səfərində həmin təəssüratı bir daha yaşadığını vurğulayaraq, muzeyin hər bir eksponatına maraq və diqqət nümayiş etdirib.
Qonaq Üzeyir bəyin zəngin musiqi irsinin dünyada böyük maraqla izlənildiyini və gənc bəstəkarların yaradıcılığına təsiri haqqında da fikrini bildirib.
Xalq artisti Sərdar Fərəcovla dostluğundan böyük məmnuniyyət hissi duyduğunu, 20 ildən sonra yenidən muzeydə olmaqdan qürurlandığını deyən Kört Piestrip London Kral Opera Evinin suveniri olan fincanı muzeyə təqdim edib.
Vəfa Bağırzadə
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin şöbə müdiri