Klassik Şərq poeziyasının əksər janrlarında yüksək sənətkarlıqla bədii nümunələr yaratmış görkəmli şairlərdən biri də Əfzələddin Xaqani olub. Görkəmli şair Azərbaycan ədəbiyyatında ilk poemanın müəllifi kimi də tanınır.
Əfzələddin İbrahim Əli oğlu (Xaqani Şirvani) 1126-cı ildə Şamaxı şəhərində dünyaya göz açıb. Çox kiçik yaşlarında valideynlərini itirən Əfzələddin əmisi Kafiəddin Ömər ibn Osmanın himayəsində böyüyür. Şair kimi yetişməsində isə əmisinin xüsusi rolu olur. Əfzələddini övladlığa götürür, təhsilinə diqqət yetirir, ilahiyyat, təbabət, fəlsəfə, astronomiya və riyaziyyat elmlərinə dair biliklər verir. 15-16 yaşlarında poeziyaya böyük maraq göstərir. Əmisi ilk qələm təcrübələrini görüb sevinir və ona “Həssanül-Əcəm” (Əcəm Həssani) təxəllüsünü verir.
Əfzələddin təxminən on səkkiz yaşında Şirvanşahlar sarayından dəvət alır. Əvvəl tərəddüd etsə də, sonra razılaşır. Özünə “Xaqani” təxəllüsü götürür. Bir müddət sarayda fəaliyyət göstərir, şəraitə uyğun mədhiyyələr yazır. Sonra onun təfəkküründə bir dəyişiklik, oyanış baş verir. Həyatı təlatüm və narahatlıq içində keçir.
Bir tərəfdən Yaxın və Orta Şərq ədəbiyyatında saray şeirlərinin gözəl nümunələrini yaradır. Dövrünün hökmdarlarına mübaliğəli təriflərlə dolu şeirlər həsr edir. Eyni zamanda sarayda qolu və hökmü güclülərə qarşı mübarizə ruhlu əsərlər yazır.
O, Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk nümunəsi sayılan “Töhfətül-İraqeyn” (“İki İraqın töhfəsi”) adlı poemasını yazır.
1157-ci ildə qələmə alınan bu əsərdə şair səfər macəraları ilə yanaşı, xalqların həyatından aldığı təəssüratı təsvir edir. “Düşmənləri tənqid”, “Günəşə xitab”, “Qızıla məzəmmət” adlı hissələr oxucuların marağına səbəb olur. Şair saflığın, işığın, hərarətin, ucalığın rəmzi olan günəşi özünün dostu sayır və ondan yardım diləyir. Əsərin əsas qəhrəmanı şairin özüdür. Poemada düşünən, sevinən və fəxr edən də, elə müəllifdir.
Xaqani Şirvani bədxah saray şairlərinin əməlləri üzündən 1170-ci ildə həbs olunur. Yeddi ay həbsdə qalır və “Həbsiyyə” adlı əsərini də orada yazır. Bütün bu əzab-əziyyətlərə dözməyən şair 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı tərk edir. Təbriz şəhərinə köçür və ömrünün axırına qədər orada yaşayır.
Araşdırmalarda göstərilir ki, şair dövrünün müxtəlif elmlərinə dərindən bələd olub. Şərqin Əbülüla Gəncəvi, İbn Sina kimi mütəfəkkir və yazarlarının əsərləri ilə yanaşı, ərəb dilindən tərcümələr əsasında yunan fəlsəfəsini və ədəbiyyatını da mənimsəyir. Xaqani bütün yaradıcılığı boyu elm və sözə dəyər verib. Kitab və kitabxanalar haqqında qiymətli fikirlər söyləyib. Mənbələrdən məlumdur ki, Şamaxı şəhərində fəaliyyət göstərən kitabxanalardan biri də Xaqani Şirvaninin əmisi, dövrünün məşhur təbibi və filosofu Kafiəddin Ömər ibn Osmana aid olub. Yuxarıda qeyd etdiyimiz kimi, şair əmisinin müəllimliyi ilə elmin və ədəbiyyatın sirlərinə məhz bu kitabxanada vaqif olub. Şair əmisinin tərifinə yazdığı şeirlərində bu barədə deyir:
Gördü ki, bələdəm hər nişanəyə,
Apardı bir böyük kitabxanəyə.
“Əmim yol göstərdi, amala yetdim, öyrətdi o mənə çoxlu elmi-fənn”, – deyən şairin ədəbi irsi çox zəngindir. O, Şərqin bir çox şəhərlərini – Ərdəbil, Həmədan, Bağdad, Şam (indiki Dəməşq), Mosul və İsfahan kimi mədəniyyət mərkəzlərini gəzir. Görkəmli alim və dövlət xadimləri ilə görüşür. Gəzib gördüyü yerlərin iqlimi, coğrafi şəraiti, əhalinin məişəti, əxlaqı və adət-ənənələri ilə tanış olur. Həmin səfərin nəticəsində “Mədain xərabələri” adlı əsərlərini qələmə alır.
Xaqani elm öyrənməyi yüksək dəyərləndirib. Böyüklərin ağıl və elmindən bəhrələnməyi, özünü elm və bilik kölgəsində saxlamağı və var-dövlətə zəhmətlə, biliklə çatmağı zəruri sayıb. Ağıllı adamları xalq üçün qənimət bilib. Etibarı kişinin şərəfi sayıb və deyib:
Kişiyə şərəfdir bilik, etibar,
Hörmət təvazölə olar bərqərar.
Yüksəkdə duranda oturma, bil ki,
Çəkidə yüngül şey yüksəkdə durur.
Sözün cəmiyyətdə rolunu yüksək qiymətləndirən müəllif yazır:
Xaqani olmuşdur sözün xaqanı,
Doludur ləl ilə sözünün kanı.
O, sözə elə bir rövnəq verdi ki,
Fəth etdi söz ilə bütün dünyanı.
Tarixdə qalacaq dəyərli əsərlər yaratmaq hər sənətkara nəsib olmur. Bunu dərk edən Xaqani Şirvani yüksək bədii məziyyəti ilə seçilən ədəbi nümunələr yazıb, özünü söz mülkündə söz sahibi kimi səciyyələndirib:
Şaham, mənim əlimdədir bu söz mülkü, öz diyarı,
Bu dünyada tək mənimdir söz mülkünün ixtiyarı.
Xaqaninin “Töhfətül-İraqeyn” məsnəvisinə nəsrlə yazdığı müqəddimə, dövrünün məşhur adamlarına məktubları da maraq doğurur.
Araşdırmalarda göstərilir ki, görkəmli şair Məkkə ziyarətinə gedərkən Ərdəbil, Həmədan, Bağdad, Şam, İsfahan və Mədinə şəhərlərində də olur. Tanış olduğu alimlər və şairlərlə, dövrün mütərəqqi fikirli insanları ilə görüşür. Şəhərlərin zəngin kitabxanalarında olur.
Xaqani həyatın ona çox şey öyrətdiyini deyir. Bildirir ki, meşələr qələm olsa belə, cümlə dərya mürəkkəbə çevrilsə, öyrəndiklərini yazıb qurtara bilməz.
Yaxın və Orta Şərqin bir çox görkəmli şairləri Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Məhəmməd Füzuli və başqaları onu özlərinə ustad hesab edib, əsərlərinə nəzirələr yazıblar. Müəllif “Töhfətül-İraqeyn” əsərində maraqlı fikirlər söyləyib. Aləmdə məhşər qopacağı, cahanın alt-üst olacağı barədə şayiələr yayanları lağa qoyub...
Əsərlərini ərəb və fars dillərində yazması onun bu dilləri mükəmməl bilməsi ilə bağlı olub. O dövrdə bu dillər Yaxın və Orta Şərq ölkələrində geniş yayıldığı üçün, onun əsərləri də geniş yayılıb və oxunub. Şairin “Divan”ı və “Külliyyat”ı əsrlər boyu məşhur xəttatlar tərəfindən üzü köçürülə-köçürülə yayılıb, dünyanın kitab xəzinələrinin bəzəyi, öz dövrünün şeir və sənət aşiqlərinin dillər əzbəri olub.
Şair ömrünün son illərini də Təbrizdə keçirir. Onun doğulduğu yurduna – Şamaxıya olan sevgisi aşağıdakı misralarda aydın ifadə olunur:
Şamaxı, ey mənim sevimli yurdum,
Mən sənin qoynunda xaniman qurdum.
İndisə acığın tutmuşdur mana,
Mən sənin qoynundan ayrılsam, ana,
Ümidim, pənahım Təbrizdir, Təbriz,
O şəhər də mənə doğmadır, əziz.
Ədəbiyyata yüksək sənətkarlıq, güclü ictimai-siyasi və humanist məzmun gətirən Xaqani Şirvani 1199-cu ildə Təbriz şəhərində vəfat edib, “Şairlər qəbiristanlığı”nda dəfn olunub.
Savalan Fərəcov