Vətən torpağının hər qarışı, şəhidlərimizin tökülən qanı ilə suvarılıb. Onların göstərdiyi qəhrəmanlıq sayəsində bu gün biz öz torpaqlarımızda sərbəst yaşaya bilirik. Şəhidlərimiz bizə yalnız torpağımızı deyil, həm də millətimizin qürurunu, şərəfini və milli birliyimizi miras qoyublar. Hər bir şəhidin hekayəsi, onların döyüş meydanında göstərdikləri igidliklər bizim üçün ilham mənbəyidir.

“Vətən fədailəri” rubrikasında bu dəfə şəhid Ucal Nərbala oğlu Babaşovu xatırlayacağıq.

1995-ci il aprelin 9-da İmişli rayonunun Xəlfəli kəndində dünyaya göz açan Ucal Vətən sevgisi ilə böyüyüb. Orta məktəb illərində müəllimlərinin sevimlisi olub. Həm ağıllı, həm də cəsur bir gənc olan Ucal Vətənin hər qarış torpağının nə qədər dəyərli olduğunu bilirdi.

2014-cü ildə N saylı hərbi hissənin kəşfiyyat bölüyündə baş kəşfiyyatçı kimi xidmət edən Ucal öz nümunəvi xidmətinə görə əsgər və zabitlərin hörmətini qazanır. Ana yurdun müdafiəsi üçün hər zaman hazır olduğunu özünə söz verir.

2020-ci ilin 27 sentyabr günü. Vətən torpağını uzun illərdir işğal altında saxlayan düşmənə yerini göstərməyin vaxtı gəlib çatmışdı. Ucal da minlərlə Vətən oğlu kimi heç tərəddüd etmədən silaha sarılır. Düşmənə qarşı döyüşlərdə bir çox uğurlar qazanır, savaş meydanında yağıya layiqli dərs verir, Zəngilan, Laçın və Xocavənd rayonlarının işğaldan azad edilməsində böyük qəhrəmanlıq göstərir.

Vətən müharibəsindəki şücaətinə görə Ucal Babaşov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Zəngilan, Laçın, Xocavəndin azad olunmasına görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə  təltif edilir.

Ucal Babaşov müharibədən sonra əməliyyat kəşfiyyatı ixtisası üzrə komanda başlanğıc kursunu bitirir. Sırada Qarabağı Ermənistan ordu birləşmələrindən və separatçı rejimdən təmizləmək missiyası vardı. Azərbaycan Ordusu erməni terrorçuları yurd yerimizdən təmizləmək üçün 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda lokal xarakterli antiterror əməliyyatı həyata keçirir. Ucal da cəsur kəşfiyyatçı kimi bu əməliyyatlara qoşulur. O, böyük qəhrəmanlıq göstərərək Xocalı rayonunun Dəhrəz kəndi istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsində yüksəlir.

Doğulduğu Xəlfəli kənd qəbiristanlığında torpağa tapşırılan Ucal Babaşov ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunur.

Şəhidin qardaşı Natiq Babaşov Ucalla bağlı xatirələrini dilə gətirir: “Ucalla bir müddət birlikdə tikinti sahəsində çalışmışıq. O, çox zarafatcıl, gülərüz insan olmaqla yanaşı, Vətənə bağlı idi. Torpaqlarımızın işğal atında olmağı ilə heç vaxt barışmırdı. 44 günlük Vətən müharibəsi zamanı bir çox döyüşdə iştirak etdi. O, bizə müharibədə necə döyüşdüyünü, necə şücaət göstərdiyini danışırdı. Vətən müharibəsində iştirak etməkdən çox böyük qürur duyurdu. Deyirdi ki, çox xoşbəxtəm ki, Qarabağı düşməndən azad etmək mənə də nəsib oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Vətən uğrunda şəhid olan hər bir igid, sanki bir ulduz kimi göy üzündə parlayır və millətinə əbədi nur saçır. Heç düşünmədən öz canını bu yolda fəda edən Ucal Babaşov kimi. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş hər bir qəhrəmanın əziz xatirəsi qarşısında əyilərək deyirik: “Sizlər daima qəlbimizdəsiniz, qəhrəman şəhidlərimiz!”.

Nurəddin