AİTF regionun əsas turizm sərgisinə çevrilib

Aprelin 3-də Bakı Sərgi Mərkəzində («Baku Expo Centre») XIII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin («AİTF-2014») və VIII Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisinin (“HOREX Caucasus - 2014”) açılış mərasimi keçirildi. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «İTE Group plc» və onun tərəfdaşı «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə gerçəkləşir. Açılışda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, «İTE Group» şirkətinin icraçı direktoru Edvard Stroon, Azərbaycanın və iştirakçı ölkələrin turizm ictimaiyyəti nümayəndələri iştirak edirdilər.

Ölkəmizin qeyri-neft sektorunda turizmin prioritet yeri var

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bütün iştirakçıları və qonaqları salamlayaraq bildirdi ki, artıq 13 ildir keçirilən AİTF sərgisi hər il özünəməxsus yeniliklərlə yadda qalır. Ənənə halını almış sərgi çərçivəsində görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar açıqlanır: «Bu möhtəşəm sərgidə iştirakçı ölkələrin coğrafiyası da hər il genişlənir. Məhz bunun nəticəsidir ki, «AİTF-2014» sərgisində 38 ölkədən 360-a yaxın şirkət iştirak edir. Bu onun göstəricisidir ki, artıq Bakı beynəlxalq turizm sərgisi regionun aparıcı sərgisidir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul etdi. Dövlət başçısı bir daha qeyd etdi ki, Azərbaycanın qeyri-neft sektorunda turizmin prioritet yeri və rolu var. Bu sahənin inkişafı üçün bütün lazımi şərait yaradılacaq. Azərbaycan qarşıdakı bir il ərzində çox böyük miqyaslı beynəlxalq tədbirlərə hazırlaşır. Turizm sənayesi də bu tədbirlərin keçirilməsində üzərinə düşən məsələlərin hamısını uğurla reallaşdıracaq”.

Beynəlxalq tədbirlər Azərbaycanın dünyada nüfuzunu artırır

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai tədbir iştirakçılarını Azərbaycan dilində salamladı və sonra çıxışına ingiliscə davam etdi. Azərbaycanın Prezidenti ilə görüşü barədə məlumat verən baş katib turizmin inkişafı, qarşılıqlı əməkdaşlığın genişlənməsi haqqında fikir mübadiləsi aparıldığını bildirdi: «Cənab Prezidentlə görüşümüzdə iki mühüm məqam xüsusilə vurğulandı. Biz onu Azərbaycanda viza sisteminin sadələşdirilməsi və elektron viza sisteminin onlayn rejimdə tətbiq olunması ilə bağlı son bir il müddətində əldə edilən irəliləyişlərlə bağlı təbrik etdik. Ölkə başçısı da öz növbəsində bu sahədə islahatların gələcəkdə də davam etdiriləcəyini və beləliklə, Azərbaycana təşrif buyuracaq xarici ölkə vətəndaşlarının ölkəyə daha rahat gəlişinin təmin ediləcəyini bildirdi. Nəticə olaraq bildirmək istəyirəm ki, turizm sahəsi üzrə həyata keçirilən islahatlar, eyni zamanda 2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkənizin dünyada nüfuzunun daha da artmasına səbəb olacaq».
«İTE Group» şirkətinin icraçı direktoru Edvard Stroon AİTF sərgisinin tarixi əhəmiyyətindən danışaraq bildirdi ki, ötən dövr ərzində təşkil edilən sərgilərdə iştirak edən xarici şirkətlərin sayı artıb. Bu da ölkədə yaradılmış münbit şəraitdən xəbər verir. O, baş katib Taleb Rifaiyə və nazir Əbülfəs Qarayevə «İTE Group» şirkətinin xüsusi minnətdarlıq sertifikatını təqdim etdi.

15 regionun ayrıca stendi var

Rəsmi açılışdan sonra ekspozisiya sahəsini gəzdik, yerli və xarici iştirakçıların təəssüratlarını öyrəndik. Sərgidə Azərbaycanın 15 regionunun stendlərində turizm imkanları, istirahət mərkəzləri və hotelləri haqqında məlumatlar yer alıb.
Qax rayonu haqqında məlumatlar 12 kvadratmetrlik stendə təqdim olunur. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarovun sözlərinə görə, bölgədə fəaliyyət göstərən hotellər və istirahət mərkəzlərinin nümayəndələri ziyarətçilərə lazımi məlumatlar verirlər. Bundan başqa, stenddə sənətkarların əl işləri, müxtəlif bukletlər, çap məhsulları da nümayiş olunur.
Sərgidə diqqəti cəlb edən stendlərdən biri də Masallı rayonuna aiddir. Mədəniyyət və Turizm Şöbəsinin 9 kvadratmetrlik lövhəsində rayonda fəaliyyət göstərən hotellər və istirahət mərkəzləri, cənub bölgəsinin özünəməxsus sənətkarlıq və mətbəx nümunələri nümayiş etdirilir. Şöbənin müdiri Lətifə Məmmədovanın dediyinə görə, rəqs qrupu sərgi günlərində bir neçə dəfə Azərbaycanın milli rəqslərini ifa edəcək: “Ötən il Masallı rayonu haqqında 20 minə yaxın bukleti ziyarətçilərə payladıq. Bu il də stendimizə maraq böyükdür. Ziyarətçilər rayonumuzun milli mətbəxi, istirahət mərkəzləri, hotelləri, təbiəti haqqında çoxsaylı suallar verirlər».
Sumqayıt şəhəri haqqında məlumatlar isə 12 kvadratmetrlik sahədə təqdim edilir. Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarov bildirdi ki, Sumqayıtı sərgidə «Türbət» kiçik müəssisəsi təmsil edir. Burada müəssisə tərəfindən istehsal olunmuş əl işləri, milli geyimlər, suvenirlər nümayiş olunur.
Zaqatala rayonu da sərgidə ayrıca stendlə təmsil olunur. Buraya yaxınlaşan ziyarətçilərə rayonun özünəməxsus mətbəxi, sənətkarların əl işləri haqqında məlumat verilir, eyni zamanda Zaqatalada fəaliyyət göstərən 6 hotel öz xidmətlərini təklif edir.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən təhsil ocaqlarının stendlərinin qarşısında qələbəlik vardı. Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov bildirdi ki, ziyarətçilərə kollecdə tədris prosesi, həyata keçirilən layihələr barədə ətraflı məlumatlar verilir, onlara bu təhsil ocağı haqqında reklam-çap məhsulları təqdim edirlər.

Azərbaycanın turizm potensialı sərgidə geniş təmsil olunur

Azərbaycanın bölgələrində fəaliyyət göstərən sanatoriya-kurort müəssisələri, turizm istirahət kompleksləri də sərgidə geniş ekspozisiya sahəsində yer alıb.
«Şahdağ» Yay-Qış Turizm Kompleksinə daxil olan «Şahdağ Resort» hotelinin satış üzrə meneceri Həsən Hüseynovun sözlərinə görə, kompleks həm yay, həm də qış mövsümü üçün xidmətlər təklif edir. Yayda turistlərə velosiped, piyada gəzinti turları, atla gəzinti, kanat yolları ilə gəzinti təklif olunur: «Qış mövsümü oktyabrın sonlarında başladı, aprelin 1-də yekunlaşdı. Həftəsonu daha çox turist qəbul edirik. Qonaqlarımızın 20 faizini xarici ölkələrdən gələnlər təşkil edir, qalanları isə yerli vətəndaşlarımızdır».
Naftalanda fəaliyyət göstərən «Çinar & SPA Naftalan» sanatoriyası 15 kvadratmetrlik sahədə təqdim olunur. Sanatoriyanın tibb direktoru Çingiz Hacıyev sərgilərdə iştirakın əhəmiyyətindən danışaraq qeyd etdi ki, hər bir istirahət mərkəzi bu imkandan yararlanmalıdır. Əks halda, o özünə müştəri qazana bilməyəcək: «AİTF-lə yanaşı, müxtəlif xarici sərgilərdə də həmişə iştirak edirik. Bu da sanatoriyaya gələnlərin sayına əhəmiyyətli dərəcədə təsir göstərir. «Çinar & SPA Naftalan» sanatoriyası ildə 5 min turist qəbul edir, onların 40 faizə yaxını xarici ölkələrdən gəlir. Qış aylarında əsasən Rusiya, Qazaxıstan və Ukraynadan insanlar müraciət edir. Yayda isə daha çox yerli vətəndaşlarımız gəlir». Həmsöhbətim onu da diqqətə çatdırdı ki, yaxın günlərdə Şabranın Qalaaltı bölgəsində «Qalaaltı Resort» adlı yeni sanatoriya fəaliyyətə başlayacaq: «Azərbaycan mineral sular və təbii müalicəvi üsullarla zəngin bir ölkədir. Bundan istifadə edib ölkəmizi dünyaya tanıtmalı, çoxlu turist cəlb etməliyik».
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sərgidə 20 kvadratmetrlik sahəsində 6 turizm şirkəti və brend hotellər öz imkanlarını nümayiş etdirir. AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, AZTA sərgidə təmsil olunan bir çox xarici ölkələrin turizm assosiasiyaları ilə müqavilə imzalayacaq: «Bunlardan biri də Rusiyanın Stavropol vilayətinin Turizm Assosiasiyasıdır. Bundan əlavə, Novosibirsk Şəhər Dumasının rəhbərliyi aprelin 15-20-də Bakıya səfər edəcək. Novosibirsk Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhərdir. Nümayəndə heyətinin tərkibində Novosibirsk Şəhər Turizm Assosiasiyası da olacaq. Səfər zamanı bu assosiasiya ilə AZTA arasında əməkdaşlıq memorandumu imzalanacaq. Mayda isə TURSAB-ın (Türkiyə) 20 nəfərdən ibarət nümayəndə heyəti Bakıya səfərə gələcək. Bu görüş və anlaşmaların əsas məqsədi Azərbaycana daha çox turist gətirməkdir».

Xarici iştirakçıların təəssüratları

Gürcüstan Turizm Administrasiyası sədrinin müavini Rusudan Mamatsaşvili: «Sərgidə Gürcüstanın çoxlu sayda turizm təmsilçisi iştirak edir. Onlar müxtəlif istiqamətlərin, o cümlədən hotellərin, istirahət mərkəzlərinin və turizm şirkətlərinin nümayəndələridir. Artıq ikinci dəfədir bu sərgidə geniş tərkibdə iştirak edirik. «AİTF» çox böyük sərgidir. Burada dünyanın tanınmış turizm mərkəzləri təmsil olunur. Bu bizə həm Azərbaycanın, həm də iştirakçı ölkələrin turizm sektorunun nümayəndələri ilə tanış olmaq, onlarla yaxından əməkdaşlıq əlaqələri qurmaq imkanı verir. Azərbaycanla Gürcüstan arasında turizm əlaqələri getdikcə genişlənir. Ötən il ərzində ölkəmizi 1 milyondan artıq turist ziyarət edib. Onlar əsasən Tiflis, Bakuriani, Batumi kimi turizm mərkəzlərinə gəlirlər. Azərbaycan vətəndaşları bu sırada ikinci yerdədir. Birinci yeri isə Türkiyə tutur».
Monteneqronun «Monte Gasa» hotelinin baş meneceri Oleq Tyulpanov: «Monteneqro Bakı sərgisində artıq ikinci ildir iştirak edir. Bu dəfə 2 hotel və ölkənin 3 böyük turizm təşkilatı sərgiyə qatılır. Azərbaycanla Monteneqro arasında son illər genişlənən əlaqələr turizm təmsilçilərinə də əməkdaşlıq üçün imkanlar yaradır. Turizm potensialına görə Azərbaycan heç də bizim ölkəmizdən geri qalmır. Bu sərgidə iştirak etməkdə məqsədimiz bu əlaqələri daha da gücləndirməkdir. Mənim təmsil etdiyim hotel ildə 30 min turist qəbul edir. Azərbaycanlı qonaqlarımızın sayı ildən-ilə artır. Ötən il 30-a qədər azərbaycanlı ailəvi qonağımız olub. Güman edirəm ki, bu il bu say daha da artacaq».
Rusiya Stavropol diyarının qubernatoru vəzifəsini icra edən Vladimir Vladimirovun rəhbərlik etdiyi böyük nümayəndə heyəti ilə sərgidə təmsil olunur. Sərginin tibbi və spa turizmi bölümündə bu diyarın hamıya yaxşı tanış olan «Qafqaz Mineral Suları» sağlamlıq kompleksinə daxil olan «Kislovodsk», «Rodnik», «Rossiya», «Maşuk», «Şaxtyor», «Rus», «Metallurgiya», «Moskva» sanatoriyaları öz xidmətlərini təklif edir. Qeyd edək ki, bu bölümdə Rusiyadan başqa Azərbaycan, Almaniya, Yunanıstan, Litva, Sloveniya və Türkiyənin tibb mərkəzləri, sağlamlıq və sanatoriya-kurort müəssisələri bu sahədə son illər əldə edilmiş nailiyyətləri nümayiş etdirirlər.

HOREX sərgisi də yeniliklər təqdim edir

Hər il olduğu kimi, bu il də «AİTF-2014»lə paralel olaraq regionda mehmanxana və restoran sənayesi üzrə Qafqaz regionunun yeganə ixtisaslaşdırılmış tədbiri olan 8-ci «Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar» sərgisi («HOREX Caucasus-2014») keçirilir. Sərgi çərçivəsində iştirakçı şirkətlər yüksək səviyyəli turizm xidmətləri üzrə müasir təmayülləri və yeni texnologiyaları, istehsalçıların konseptual tapıntılarını, habelə yüksək keyfiyyətli servis və peşəkar etika standartlarını nümayiş etdirirlər.
Burada Azərbaycan, Gürcüstan, Almaniya, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya, Türkiyə və İsveçrədən olan aparıcı şirkətlər iştirak edir. Müasir hotel mebeli, interyer, tekstil, mətbəx avadanlıqları, hotellərin sağlamlıq və spa salonları üçün kosmetika, eksklüziv məhsul və içkilər, təmizlik və gigiyena avadanlıqları, hotelin idarə edilməsi və təhlükəsizliyi üzrə informasiya texnologiyaları sərginin ekspozisiyasında yer alıb. Bu ilin yenilikləri arasında «lüks» səviyyəli supermarketlər üçün kompleks avadanlıqlar da var.
* * *
“AİTF-2014” sərgisi aprelin 4-də Bakı Expo Mərkəzində işini davam etdirəcək. Sərgi ayın 5-də yekunlaşacaq.

Fəxriyyə Abdullayeva

 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar