BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə Azərbaycanın 4-cü Könüllü Milli Hesabatı iyulun 15-də təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında təqdim olunub.

BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov diqqətə çatdırıb ki, hesabatda DİM-ə nail olmaq istiqamətində Azərbaycan Hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, dayanıqlı və inklüziv inkişaf sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat əksini tapıb.

Sahib Məmmədov bildirib ki, Azərbaycan ərazisi dünyada ən çox minadan çirklənmiş 5 ölkə sırasındadır. Minalar işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesinə mane törətməklə yanaşı, Azərbaycan vətəndaşlarının mina qurbanına çevrilməsinə səbəb olur. Bu məqsədlə Prezident İlham Əliyevin təşəbbüsü ilə 18-ci DİM irəli sürülüb və tərəfimizdən bu təşəbbüsün reallaşdırılması üçün layihə hazırlanaraq yerli və beynəlxalq ictimaiyyətə təqdim olunub. 4-cü Könüllü Milli Hesabatda 18-ci DİM-in mahiyyəti və məqsədi ətraflı izah olunub.

Nazir müavini əlavə edib ki, Azərbaycanın DİM ilə bağlı qətiyyətli öhdəliyi “Azərbaycan–2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində göstərilmiş milli inkişaf gündəliyinə daxil edilib. DİM-ə uyğun olaraq son 10 ildə Azərbaycanda dayanıqlı artım müşahidə olunub, minimum əməkhaqqı 3 dəfə, orta aylıq gəlirlər 2 dəfə və minimum təqaüd 2,4 dəfə artıb.

Bildirilib ki, ekoloji davamlılıq Azərbaycanın inkişaf siyasətinin əsas hissələrindən birini təşkil edir və enerji keçidi Azərbaycanın yaşıl iqtisadiyyata keçid gündəliyində mərkəzi mövqedə durur. “Azərbaycanın hədəfi 2026-cı ilə kimi elektrik enerjisi istehsalı sahəsində bərpaolunan enerjinin payını 24 faizə çatdırmaqdır. Bu rəqəmin 2030-cu ilə kimi 30 faiz olması planlaşdırılır. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə əsasən Azərbaycan istixana effekti yaradan qaz emissiyalarının həcmini 40 faiz azaltmağı qarşısına məqsəd qoyub.

“Bununla yanaşı biz Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiya zonasına çevirməyi hədəfləmişik. Azərbaycan bu il COP29 tədbirinə ev sahibliyi edəcək. Bu baxımdan nəzərəçarpan nəticələrə nail olmaq üçün qlobal dialoqun və əməkdaşlığın asanlaşdırılmasındakı rolumuzu həlledici hesab edirik”, – deyə nazir müavini qeyd edib.

Sahib Məmmədov Yüksək Səviyyəli Siyasi Forum iştirakçılarının hesabatla bağlı suallarını cavablandırıb.