Azərbaycan caz sənətinin əfsanəsi, caz-muğam janrının yaradıcısı, Əməkdar artist Vaqif Mustafazadənin (1940–1979) bu günə kimi bəlli olmayan lent yazısı üzə çıxarılıb.
Bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi öz sosial şəbəkə hesabında məlumat verib. Bildirilir ki, lent yazısı müğənni, caz musiqisi bilicisi Tofiq Həsənsoy tərəfindən aşkar olunub. 1979-cu ildə Vaqif Mustafazadənin son konsertlərindən birində ifa olunan bu əsər Bakı Musiqi Akademiyası Bəstəkarlıq kafedrasının müdiri professor Aydın Əzim Kərimoğluya məxsusdur.
“Aydın K.Azim mövzusunda fantaziya” adlı əsəri V.Mustafazadə və dostları gitarada Ələsgər Abbasov (Türkiyə yaşayır), zərb alətində Pərviz Ədib (Almaniyada yaşayır) və bas-gitarada Nazim Quliyev ifa edirlər.
Kamil Şahverdi paylaşımında yazıb: “...Əfsanəvi Vaqif Mustafazadəyə, təkrarsız musiqiçi Nazim Quliyevə Allahdan rəhmət diləyirik. Ələsgər Abbasova və Pərviz Ədibə isə cansağlığı və uğurlar! Bu əsəri ilk dəfə eşidəcəkdiniz. 45 il bundan əvvəl ifa olunan şedevr fantaziyanı ilk dəfə sizə təqdim etməkdən qürur duyuram. Bu lent yazısının üzə çıxması üçün dəyərli dostumuz, caz musiqisinin mahir bilicisi və təbliğatçısı Tofiq Həsənsoya təşəkkürlər!”.
Tofiq Həsənsoy isə deyib: “Çox şadam ki, bu lent yazısını Aydın müəllimə göndərməklə onu sevindirə bildim. Vaqif Mustafazadə “Muğam” ansamblının son, o zaman gənc musiqiçilərdən ibarət heyəti ilə dünyasını dəyişdiyi ildə bir neçə yeni kompozisiya hazırlayıb. Onların arasında “Gəl-gəl, a yaz günləri” kompozisiyası ilə yanaşı, “Yuxu baş tutmaz”, “Xəzər dənizi”, “Ekspromt”, “Bağa girdim üzümə” və digər eşitmədiyiniz caz, muğam, rok-füjn janrlarında kompozisiyalar yer alıb. Həmin ifaların da lent yazıları məndə vardır, onları da yaxın vaxtlarda bölüşəcəyəm. Bu lent yazılarında ifa olunan kompozisiyalar və son heyətlə etdiyi ifalar alışdığımız Vaqif ifalarından fərqlənirdi”.
T.Həsənsoy Vaqif Mustafazadə haqqında kitab üzərində də işlədiyini bildirib: “Vaqif Mustafazadə ilə bağlı çoxsaylı qəzet məqalələri və götürdüyüm müsahibələrin rus dilindən doğma dilimizə tərcüməsi ilə məşğulam. Məqsəd gələn il Vaqif Mustafazadənin 85 illik yubileyinə bu kitabı hazır etməkdir. Həmçinin maestronun “Tallin – 66” və “Tallin – 67” caz festivallarında canlı ifasının lent yazılarından ibarət albomu təqdim etməyi qarşıma məqsəd qoymuşam”.
Hazırladı: L.Azəri