İşğaldan azad olunmuş ərazilərə yönəldilib
2024-cü ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 3 milyard 825 milyon manat vəsaitin 51,1 faizi (1 milyard 953,5 milyon manat) istifadə olunub.
Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda o da qeyd olunur ki, cari ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16 milyard 52,1 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2 milyard 297,8 milyon manat (16,7 faiz) çox icra edilib. Hesabat dövründə icrası təmin edilmiş xərclər cari ilin dövlət büdcəsi xərclərinin 43,7 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz bəndi çoxdur.
Yanvar-iyun aylarında dövlət büdcəsinin təhsil xərcləri 131,5 faiz icra edilməklə 2 milyard 239,1 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 126,9 faiz icra edilməklə 3 milyard 47,6 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 123,1 faiz icra edilməklə 2 milyard 91,5 milyon manat, kənd təsərrüfatı xərcləri 119 faiz icra edilməklə 491 milyon manat, səhiyyə xərcləri 114,7 faiz icra edilməklə 803 milyon manat təşkil edib. Bundan əlavə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 105 faiz icra edilməklə 1 milyard 161 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 134,6 faiz icra edilməklə 2 milyard 428,4 milyon manat, iqtisadi fəaliyyət xərcləri 99,7 faiz icra edilməklə 2 milyard 904,8 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 92,9 faiz icra edilməklə 199,8 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 90,9 faiz icra edilməklə 128,2 milyon manat təşkil edib.