Alimlərimiz nə düşünürlər?

 

İyulun 17-də AMEA Rəyasət Heyətində “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, konfransın məqsədi qloballaşan dünyanın çağırışlarından olan rəqəmsal transformasiyanın trendlərini təhlil edərək ölkəmizdə süni intellekt texnologiyaları ilə əlaqədar aparılan tədqiqatları, nailiyyətlərin öyrənilməsini, mümkün tətbiqləri sahəsində mövcud vəziyyəti müzakirə etmək və əldə olunmuş nəticələri tanıtmaqdır.

AMEA Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin müdiri Fariz İmranov məruzəsində akademiya əməkdaşlarının “Vikipediya” virtual ensiklopediyasında fəaliyyəti, AMEA-nın elmi jurnallarına DOI rəqəmsal identifikatorunun təmin edilməsi (ANAS DOI), sənəd mübadiləsinin elektronlaşdırılması və digər məsələlər barədə məlumat verib.

Tədbirdə həmçinin TÜBİTAK-ın BİLGEM Süni İntellekt İnstitutunun direktoru professor Mehmet Haklıdırın “Yaradıcı süni intellektin gələcəyi: təhdidlər və imkanlar”, Rusiya Federal Elmi Aqromühəndislik Mərkəzinin nümayəndəsi, Rusiya EA-nın müxbir üzvü Zahid Qocayevin “Süni intellekt Rusiyanın aqrosənaye kompleksində”, Yaponiyanın Tohoku Universitetinin professoru Xəlil Kələntərin “İnsanabənzər robotlar: imkanlar və tətbiqlər” və İstanbul Texniki Universitetinin professoru Murat Sarının “Süni intellektlə real davranışın aşkarlanması” mövzusunda məruzələri dinlənilib.

Daha sonra “Süni intellekt və rəqəmsal transformasiya: trendlər və gələcəyə baxış; rəqəmsal transformasiyada çətinliklər; robototexnika” və “Obrazların tanınması, maşın öyrənməsi, təbii dilin işlənməsi” mövzularında bölmə iclasları keçirilib.