Şərq xalqları mədəniyyətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənət tarixində özünəməxsus yer tutur. Kitab (əlyazma) illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür məktəbi XIV əsrin ortalarında qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub kimi daha geniş yayılıb. Bu gün də bu qədim sənət yaşadılır, rəssamlarımız bir-birindən maraqlı əsərlər yaradırlar.

Təsadüfi deyil ki, Azərbaycan miniatür sənəti (müştərək nominasiyada) UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

Baxış müxtəlifliyi ilə fərqlənən miniatür əsərləri və ənənə həvəskarlarını bir araya gətirmək məqsədilə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Xətai Sənət Mərkəzində “Miniatür əsərlər guşəsi” yaradılıb.

Mərkəz “bir rəssamdan bir əsər” prinsipini əsas tutaraq guşəni daima yeniləməklə daha fərqli ekspozisiya yaratmağı qarşısına məqsəd qoyub və miniatür janrında işləyənlərin yaradıcılığını bu guşədə görmək arzusundadır.