Dünyadan tamamilə təcrid olunmuş şəkildə yaşayan “Mashco-Piro” adı verilmiş qəbilənin üzvləri Perunun cənub-şərqindəki Amazon meşələrində görüntülənib. Onların şəkli meşədə aparılan ağackəsmə işlərindən bir neçə kilometr aralıda çəkilib.

Yerli əhalinin hüquqları üçün çalışan “Survival International” qeyri-hökumət təşkilatı tərəfindən Monte Salvado bölgəsində çəkilmiş fotoşəkillərdə qəbilənin 50-dən çox üzvü görünür. Təşkilat nümayəndələri yaxınlıqdakı Puerto Nuevo bölgəsində də 17 nəfərdən ibarət fərqli bir qrup aşkar ediblər.

Amazon meşələrində ağackəsmə işlərinin yerli əhalini öz torpaqlarından didərgin saldığını bildirən “Survival International” könüllüləri bölgədə fəaliyyət göstərən bütün şirkətlərin lisenziyalarının ləğv edilməsini və torpaqların “Mashco-Piro” əhalisinə təhvil verilməsini tələb edir.

750-dən çox üzvü olduğu təxmin edilən və Perunun cənub-şərqindəki meşələrin dərinliklərində yaşayan “Mashco-Piro” qəbiləsinin dünyadan bixəbər ən böyük qəbilə olduğu bildirilir.