Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Ankaradakı Türk Tarix Qurumunun rəhbəri professor Yüksel Özgenlə görüşüb.

Yüksel Özgen ölkəmizə səfərləri, rəhbəri olduğu təşkilatın Azərbaycan tarixi ilə bağlı layihələri və nəşrləri haqqında danışıb. Bildirib ki, Türk Tarix Qurumunun fəaliyyətinin əsas məqsədi türk xalqlarının tarixi və Türkiyə tarixi ilə bağlı mövzuların, türklərin bəşəriyyətə verdiyi töhfələrin araşdırılması, təbliği və elmi dəyəri olan əsərlərin nəşr edilməsidir.

AMM-in direktoru Samir Abbasov Azərbaycan-Türkiyə qardaşlığının iki ölkənin qurumları arasında əməkdaşlığa mühüm zəmin yaratdığını söyləyib, Türk Tarix Qurumu ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, türkiyəli alimlərə ortaq tariximizin birgə tədqiqi, Qərbi Azərbaycandan soydaşlarımızın öz yurdlarından dəfələrlə deportasiyası, azərbaycanlıların bu torpaqlarda yaratdığı böyük mədəni irs və abidələr mövzusunda elmi tədqiqatların aparılmasını təklif edib.

Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi İslam Quliyev də Türk Tarix Qurumunun ölkəmizin alimləri ilə birgə tədqiqatlar aparmasının əhəmiyyətli olacağını vurğulayıb. Səfirliyin və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihələrə daim dəstək göstərməyə hazır olduğu vurğulanıb.

Görüşdə irəli sürülmüş təkliflərlə bağlı əməkdaşlığa və ortaq layihələrə dair razılıq əldə edilib.