Azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair Hacı Zeynalabdin Şirvaninin (1780–1838) “Səyahət bağları” (“Riyaz əs-siyahət”) əsərinin II hissəsinin I cildi ana dilimizdə çap olunub.

Əsəri farscadan Azərbaycan dilinə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu İran tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Şahin Yəhyayev tərcümə edib.

Kitabın elmi redaktoru coğrafiya elmləri doktoru, professor Zakir Eminov, rəyçiləri tarix elmləri doktoru, professor Şahin Fazil və tarix elmləri doktoru Vasif Qafarovdur.

Qeyd edək ki, Hacı Zeynalabdin Şirvaninin ilk əsəri olan “Səyahət bağları” görkəmli tarixçi, şair, ictimai xadim Abbasqulu ağa Bakıxanovun diqqətini cəlb edib və onu “zəngin və faydalı xəzinə” adlandırıb. Akademik B.A.Dorn “Səyahət bağları”nı “ən yaxşı kamil mənbə” və Çarlz Rio isə “tarixi və bioqrafik məlumatlarla zəngin olan coğrafi bir əsər” adlandırıb. Şərqşünas N.B.Xanıkov, maarifçi, ədəbiyyatşünas F.Köçərli, səyyah N.Mikluxa-Maklay, şərqşünas Anri Massen də əsəri yüksək qiymətləndirib. Müəllif əsərin ikinci hissəsini 1827-ci ildə Şiraz şəhərində tamamlayıb. 

546 səhifədən ibarət “Səyahət bağları” tarixçilər, etnoqraflar, coğrafiyaşünaslar, dinşünaslar və digər ixtisas sahibləri üçün mühüm mənbə ola bilər.

Lalə