Aprelin 2-də XIII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi («AİTF-2014») və VIII Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi («HOREX Caucasus-2014») ilə bağlı mətbuat konfransı keçirildi.
Sərginin təşkilatçılarından “ITE Group” şirkətinin icraçı direktoru Edvard Stroon bildirdi ki, Qafqaz regionunda turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri olan AİTF artıq 13-cü ildir peşəkarların görüş yerinə çevrilib: “İldən-ilə həm sərginin ekspozisiya sahəsi genişlənir, həm də iştirakçı ölkələrin sayı artır. Builki sərgidə dünyanın 38 ölkəsindən 350-dən artıq şirkət öz məhsullarını nümayiş etdirəcək, 24 ölkə milli stendi ilə çıxış edəcək. Sərgi iştirakçılarının 60%-dən çoxunu xarici iştirakçılar təşkil edir və onlar xüsusi olaraq Azərbaycan bazarı üçün işlənib hazırlanmış eksklüziv turizm təkliflərini təqdim edəcəklər. Sərgi iştirakçılarının 40%-i yerli şirkətlərdir”.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev qeyd etdi ki, hər il olduğu kimi, bu il də nazirlik AİTF sərgisinin keçirilməsinə yaxından dəstək verir: «Sərgi eyni zamanda Azərbaycanın turizm potensialı ilə tanışlıq meydançasıdır. Builki sərgidə ölkəmizin 15 regionunun geniş ekspozisiyası həm yerli, həm də xarici turoperatorlar üçün turizm çeşidlərini zənginləşdirməyə imkan verəcək. Rayonlarımızın özünəməxsus sənətkarlıq nümunələri, mətbəxi, folkloru, tarixi abidələri, muzeyləri nümayiş olunacaq. Eyni zamanda regionlarda fəaliyyət göstərən hotel və istirahət mərkəzləri də müvafiq rayonların stendlərində öz məhsullarını təqdim edəcəklər. Azərbaycan Turizm Assosiasiyasının stendində isə Bakıda fəaliyyət göstərən turizm şirkətləri və hotellər haqqında ziyarətçilərə məlumat veriləcək».
Tədbirin təşkilatçısı «İteca Caspian» şirkətinin meneceri Xəyal Əliyeva diqqətə çatdırdı ki, AİTF sərgisinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, bir çox beynəlxalq və yerli qurumlar tərəfindən də dəstək göstərilir. Onun sözlərinə görə, sərgidə 80-dən çox turizm marşrutu əhatə olunub: «Builki sərginin yeni ölkə və istiqamətləri Argentina, Dominikan Respublikası, Çin və Zaqreb şəhəridir (Xorvatiya). Birillik fasilədən sonra Hindistan, Yunanıstan və Malayziya, ilk dəfə isə Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri sərgidə iştirak edir. Bu il tibbi turizm üzrə iştirakçıların sayı artıb. Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə və İsveçrənin tibbi mərkəzləri, klinikaları öz imkanlarını, eləcə də Azərbaycan sanatoriyaları dünyaca məşhur olan Naftalan neftinin müalicəvi xassələrini nümayiş etdirəcək.
«AİTF» ilə eyni vaxtda baş tutacaq “HOREX Caucasus-2014” sərgisində isə mehmanxana və restoran biznesi üçün lazım olan bütün avadanlıq və ləvazimatlar nümayiş olunacaq. İştirakçılar öz stendlərində təqdimatlar və ustad dərsləri keçirəcəklər”.
Sonda tədbirin təşkilatçıları mətbuat nümayəndələrinin suallarını cavablandırdılar.
Fəxriyyə Abdullayeva