Moskva Dövlət Pedaqoji Universitetinin professoru Lyudmila Bojenkova Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
Muzeydən bildirilib ki, çoxsaylı dərslik və metodik vəsaitin müəllifi pedaqoji elmlər doktoru olan Lyudmila Bojenkova ölkəmizə ilk dəfə gəlib.
Muzeyi gəzən qonaq dahi şair Nizami Gəncəviyə həsr olunmuş ekspozisiyaya böyük maraq göstərib. Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar rəssam Vaqif Hüseynovun çəkdiyi və mühüm tarixi hadisəni əks etdirən “Ermitaj. 1941-ci il. Nizami yubileyi” tablosu onun xüsusilə diqqətini çəkib. Mirzə Fətəli Axundzadənin gənc yaşlarında yazdığı “Puşkinin ölümünə Şərq poeması” barədə məlumatı dinləyən alim bu əsərlə Mixail Lermontovun Puşkinə həsr etdiyi “Şairin ölümünə” şeiri arasında müqayisələr aparıb. Eləcə də Azərbaycanın müxtəlif dövrlərdə yaşamış qadın şairlərinin həyat və yaradıcılığı ziyarətçidə xoş təəssürat yaradıb.