AMEA Arxeologiya və Antropologiya İnstitutu Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Şahtaxtı kəndində elmi tədqiqat aparıb.
İnstitutdan bildirilib ki, dosent Qəhrəman Ağayevin rəhbərlik etdiyi ekspedisiya qazıntı işlərini əsasən 30 hektardan artıq ərazini əhatə edən nekropolda aparıb. Ekspedisiya müddətində 7 qəbir abidəsi aşkar edilərək tədqiq olunub. Ən böyük qəbirin uzunluğu 2,8 metr, eni 0,90 metr, dərinliyi isə 1,30 metrdir. Ən kiçik qəbirin uzunluğu 1 metr, eni 0,80 metr, dərinliyi isə 1 metrdir.
Qəbirlərdən küpə, nehrə, qazan, kuzə, cam və sair tipli gil qablar, tunc qolbaqlar, əqiqdən hazırlanmış muncuqlar aşkar edilib. Tədqiq edilən qəbirlərin hamısı Son Tunc – Erkən Dəmir dövrünə aiddir.
Aparılan arxeoloji tədqiqatlarla Azərbaycan arxeologiyasının öyrənilməsi baxımından maraqlı elmi nəticələr əldə etmək mümkündür. Şahtaxtıda insanlar Eneolit dövründən məskunlaşıb, heç bir yerdəyişmə etmədən intensiv həyat tərzi keçirib. Şahtaxtı tayfaları yalnız Orta əsrlər dövründə, çox güman ki, coğrafi şəraitlə bağlı olaraq qərb və cənub-qərb tərəfə yönəliblər və bu gün də həmin ərazidə yaşayırlar. Maraqlı faktlardan biri də ondan ibarətdir ki, Şahtaxtıda yaşayan qədim tayfalar özlərindən əvvəl yaşayan tayfalara hörmətlə yanaşıb, onların yaratdıqları maddi mədəniyyət qalıqlarına toxunmayaraq öz mədəniyyətlərini yaradıblar.
Ümumiyyətlə, nəinki Azərbaycan, eyni zamanda Yaxın Şərq və Cənubi Qafqaz arxeologiyası üçün əhəmiyyət kəsb edən belə bir abidənin daha da dərindən öyrənilməsi vacibdir.