Ali məktəblərə memarlıq ixtisası üzrə qəbul olmaq istəyən abituriyentlərin (həmçinin subbakalavrların) qabiliyyət imtahanında iştirak etməsi üçün qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, qeydiyyat iyulun 23-ü başa çatacaq.

Memarlıq ixtisası üzrə müsabiqədə I ixtisas qrupunu seçmiş, müsabiqə şərtlərinə əsasən ümumi balı ən az 200 olan və qabiliyyət imtahanı komissiyası üzrə məqbul qiymət almış abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər.

DİM onu da diqqətə çatdırıb ki, qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən, lakin I ixtisas qrupu üzrə qəbul imtahanından ümumi balı 200-dən aşağı olan abituriyentlər ixtisas seçiminə buraxılmayacaq.

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan şəxslər məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.

Qeyd edək ki, 17-18 iyul tarixlərində musiqi müəllimliyi ixtisası (32 və 33-cü komissiyalar) üzrə mərkəzləşdirilmiş qaydada ixtisas imtahanı keçirilib. DİM-dən bildirilib ki, imtahanlar Bülbül adına orta ixtisas musiqi məktəbi, Gəncə Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Universitetində təşkil edilib.