Dünya turu


Qədim tarixi və zəngin mədəniyyəti, ecazkar təbiəti ilə hər zaman səyahət həvəskarlarını cəlb edən Çin Xalq Respublikası ən çox turist qəbul edən ölkələr siyahısında üçüncü yerdədir. Dünya Turizm Təşkilatının 2012-ci il üzrə statistikasına görə, Çin 58 milyon turist qəbul etməklə yalnız Fransa və ABŞ-dan geridə qalır. Son onilliklərdə həyata keçirilən iqtisadi islahatlar və “açıq qapı” siyasəti də bu ölkəyə gələn əcnəbi qonaqların sayında böyük artıma səbəb olub və qədim İpək Yolundan başlayan turizm və ticarət anlayışı yenidən öz mahiyyətini bərpa edib. Proqnozlara görə, dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib Çin 2020-ci ildə ən çox turist qəbul edən birinci ölkə olacaq. Ölkədə biznes turizminin əsas istiqamət olması, ümumi payda 38 faiz təşkil etməsi də bu amilin göstəricisidir.

Həm ticarət, həm ziyarət

Bu gün bir çox Avropa ölkələri turizm infrastrukturunu inkişaf etdirmək, yeniləmək, fərqli xidmətlər təklif etmək üçün milyardlarla vəsait xərcləyirlər. Çünki turist daha çox yeniliyi sevir. Çin turizminin inkişafı göstərir ki, bu ölkəyə böyük turist axını tarixən ipək ticarəti ilə, müasir dövrdə isə dünya qiymətlərilə müqayisədə istehsalı daha münasib başa gələn məhsullarla bağlıdır. İkinci Dünya müharibəsindən 70-ci illərin sonuna qədər ölkə sərhədlərini əcnəbilərin üzünə bağlayan Çinin kommunist hökuməti sonda başa düşdü ki, xaricdən gələn sərmayənin qarşısını alır, ticarətə, iqtisadiyyatın inkişafına mane olur. 80-ci illərin əvvəllərində, Den Syaopin hakimiyyəti dövründə ölkədə böyük turizm infrastrukturunun qurulmasına başlanıldı, hotellər, istirahət kompleksləri tikildi. 1985-ci ildə ölkəyə 1,4 milyon turist gəlmişdi. Sonrakı illərdə bu rəqəm həndəsi silsilə ilə artdı.

Çin təcrübəsinin önəmi

Bu ölkənin təcrübəsi göstərir ki, turizm sənayesini inkişaf etdirmək üçün sadəcə gözəl təbiət, zəngin tarixi-mədəni irs yetərli deyil. Bütün bunların yanında bir də iqtisadi amil, azad ticarət imkanı, biznes təşviqi olduqda ölkə turizmi daha çox cəlbedici olur, ziyarət həm də ticarətə çevrilir. Bu baxımdan Dubayı, Sinqapuru misal göstərmək olar. Tarixi zənginliyinin olmamasına baxmayaraq, bu yerlər turistlərin ən çox baş çəkdiyi məkanlardır. Hətta Avropada ən qədim tarixi ilə öyünə biləcək Yunanıstan İtaliyadan daha az turist cəlb edir. Səbəb: İtaliyanın təklif etdiyi biznes imkanları bu ölkədə yoxdur. Qayıdaq Çinə. Bu gün Çin Xalq Respublikası da dünyanın iqtisadi güc mərkəzi, əsas turizm mərkəzi olmaq yolunda irəliləyir. Dünyanın ən hündür binası olan Yeni Əsr Qlobal Mərkəzi 2013-cü ilin iyul ayında tikilib istifadəyə verilib. Mərkəzdə dünya markalarının brend mağazalarından transmilli kooperasiyaların ofislərinə, teatr və əyləncə mərkəzlərinə qədər turistlər üçün maraqlı ola biləcək bütün üstünlüklər var. “Şərqin Havay adaları” adlandırılan Haynan adasında da müasir resort hotellər göz oxşayır. Tropik iqlimilə seçilən bu ada bütün Cənubi Şərqi Asiya məkanında məşhurdur və qonşu ölkələrdən ildə yüz minlərlə turist cəlb edir. Rəngarəng təbiəti, dağları, çimərlikləri, yaşıl qolf meydançaları olan adada turizm infrastrukturunu inkişaf etdirmək məqsədilə böyük layihələr həyata keçirilib, 2004-cü ildə ada dəmiryolu xətti ilə Çinə birləşdirilib.

Tarix və mədəni irs

Çinin tarixi-mədəni irsinin 45 nümunəsi UNESCO-nun siyahısına daxil edilib. Ölkə hökuməti bu zənginliyin qorunması istiqamətində böyük işlər görür. Paytaxt Pekinin qədim şəhər hissəsində, Böyük Çin səddində, “Cənnət məbədi”ndə və s. əsaslı bərpa işləri görülüb. Bu siyahıda yer alan ilk imperator mavzoleyi, Magao mağaraları, Böyük Çin kanalı da turistlərin maraq göstərdiyi məkanlar arasındadır. Çinin qeyri-maddi mədəni irsi də UNESCO-nun müvafiq siyahısında öz yerini tutub.

Əsas şəhərləri

Çin Xalq Respublikasının turizm baxımından ən cəlbedici şəhəri, təbii ki, paytaxt Pekindir. Hazırda 21 milyon sakini olan şəhər 8 əsrdən çoxdur ki, paytaxt statusunu qoruyub saxlayır. Müasir infrastrukturu, inkişaf etmiş xidmət sektoru, nəqliyyat sistemi ilə dünyanın qabaqcıl paytaxtları siyahısındadır. Şanxay və Honkonq da əhalinin sıxlığı ilə seçilən şəhərlərdir. Birinci nisbətən ənənəvi şəhər statusunu saxlasa da, Honkonq daha çox müasir həyat tərzi, infrastrukturu, Avropa düşüncə tərzinə yaxın mədəniyyəti və biznes mərkəzləri ilə seçilir. Burada dünyanın ən hündür binalarını, hotel və biznes mərkəzlərini görmək olar.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar