Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı diasporunun fəallarından, eləcə də qardaş qazax xalqının təmsilçilərindən ibarət heyət ölkəmizə səfər çərçivəsində Füzuli və Şuşada olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Füzuli rayonu ərazisində qonaqlar yolboyu erməni barbarlığının sübutu olan dağıdılmış, viran qoyulmuş kəndləri görüblər. Qonaqlara Füzuli şəhərində, eləcə də rayonun işğaldan azad edilmiş kəndlərində aparılan bərpa, yenidənqurma işləri haqqında məlumat verilib.
Nümayəndə heyəti bir neçə ay öncə Füzuli rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin birlikdə açılışını etdikləri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə gəliblər. Mərkəzin 3D modelləşdirmə, səsyazma studiyası, kompüter, musiqi, xalçaçılıq və digər yaradıcılıq otaqları ilə tanış olan nümayəndə heyəti uşaqlar üçün yaradılmış imkanları yüksək qiymətləndirib.
Sonra qonaqlar Şuşaya yola düşüblər. Burada da erməni qəsbkarlarının otuzillik işğal dövründə törətdikləri vəhşiliklərdən sonra aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar. “Güllələnmiş heykəllər” (Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün erməni vandalizminə məruz qalmış büstləri), Yuxarı Gövhər ağa məscidi, İsa bulağı, Vaqifin məqbərəsi, Cıdır düzü və digər görməli yerləri ziyarət ediblər.
Diaspor nümayəndələri və qazax xalqının təmsilçiləri Cıdır düzündə ölkələrimizin bayraqlarını qürurla dalğalandırıb, xatirə şəkilləri çəkdiriblər.