Xəbər verdiyimiz kimi, iyulun 18-də Şuşada ənənəvi Vaqif Poeziya Günləri başlayıb. Söz-sənət bayramına dost ölkələrdən də qonaqlar qatılıb.
Eyni gündə mədəniyyət paytaxtımız daha bir beynəlxalq konfransa ev sahibliyi edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərində “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans keçirilib. Tədbir Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər planı çərçivəsində təşkil olunub.
Konfransda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, VI çağırış Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Mərakeş Krallığının həmrəylik, sosial inteqrasiya və ailə naziri xanım Aavatif Hayar, Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova, digər rəsmilər, müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Bahar Muradova giriş nitqində qeyd edib ki, konfransın məqsədlərindən biri İslam mədəniyyətinin təbliğində qadınların rolunun gücləndirilməsinin vacibliyini bir daha vurğulamaqdır.
Ramin Məmmədov Şərqdə ilk qadın opera bəstəkarının, ilk təyyarəçi xanımın, ilk qadın kinorejissorun azərbaycanlı olduğunu xatırladaraq bunun İslam dünyasında mütərəqqi ənənələrin inkişafına önəmli töhfələr olduğunu bildirib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova qadınların əzəldən bəri dialoq tərəfdarı olduqlarını deyib. O, Azərbaycan qadınının həm ailədəki, həm də cəmiyyətdəki sarsılmaz mövqeyinin dövlətimizin uğurlu sosial siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Konfrans çərçivəsində keçirilən “İslam dünyasında qadın: ənənələr və çağırışlar” mövzusunda panel iclasda Qarabağın bərpasında və dayanıqlı inkişafında qadınların rolu, qloballaşan dünyada ümumislam kontekstində qadın hüquqlarının müdafiəsi, insan və ətraf mühit münasibətlərinə islami baxış və digər istiqamətlərdə müzakirələr aparılıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Şuşanın tanınmış qadın şəxsiyyətlərinin şəhərin tarixində rolundan bəhs edib. Rektor Xurşidbanu Natəvan, Ağabəyim ağa, Fatma xanım Kəminə kimi ədiblərin Azərbaycanın mədəniyyətinə böyük töhfələr verdiklərini bildirib.
VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan cəmiyyətinin ən vacib yanaşmalarından biri olan qızların mütləq şəkildə təhsil almalarının önəmini qeyd edib.
***
“İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” konfransının iştirakçıları Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə də tanış olublar.
Qonaqlar “İsa bulağı” istirahət kompleksində bərpa işləri ilə tanış olublar. Məlumat verilib ki, Vətən müharibəsindən sonra ərazi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən bərpa edilib. İsa bulağının ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, abadlıq işləri aparılıb.
Qonaqlar həmçinin Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət edib, Şuşa qalasının divarları önündə, Cıdır düzündə xatirə şəkilləri çəkdiriblər. Konfrans iştirakçıları üçün konsert proqramı təqdim olunub.