Dekabrın 16-17-də Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Beynəlxalq tədbir Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Pakistanın Muslim İnstitutu, Cənubi Koreyanın Türk Araşdırmaları İnstitutu tərəfindən birgə təşkil ediləcək.
Bu barədə Ədəbiyyat İnstitutundan məlumat verilib.
Ədəbiyyat İnstitutu konfransda iştirak üçün tezislərin qəbulunu elan edir. Asiya ədəbiyyatı dünya ədəbiyyatının mühüm bir hissəsini əhatə edərək çox müxtəlif milli istiqamətləri ilə zəngin ədəbi irsdir. Pakistan, Yaponiya, Cənubi Koreya, Çin, Monqolustan, İndoneziya, Vyetnam, Əfqanıstan və digər ölkələrin ədəbiyyatlarının öyrənilməsi Asiya ədəbiyyatının ümumi mənzərəsini təsəvvür etməyə imkan verdiyi kimi, yeni perspektivlərin ortaya çıxmasına da şərait yaradacaq. Bu baxımdan, Asiya xalqları ədəbiyyatında ayrı-ayrı milli sahələrin ənənəvi cəhətlərini və yeni tendensiyalarını müzakirəyə çıxarmaq, müxtəlif fikirləri dinləmək dünya ədəbiyyatının əhəmiyyətli bir qolunun araşdırılmasına yeni töhfələr verəcək.
Beynəlxalq konfrans “Asiya xalqları ədəbiyyatında tendensiyalar”, “Ədəbiyyatda Şərq-Qərb diskursu”, “Asiya xalqları ədəbiyyatından tərcümə problemləri”, “Asiya xalqları ədəbiyyatını araşdırma problemləri”, “Müqayisəli ədəbiyyatşünaslıq” mövzularını əhatə edəcək.
Konfrans Azərbaycan, türk, ingilis, rus dillərində keçiriləcək. Konfransa məruzələr noyabrın 25-dək qəbul ediləcək.