Ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzində hazırlanaraq boşnak dilində nəşr edilmiş “Qarabağın incisi – Şuşa” kitab-albomu, habelə Xalq yazıçısı Afaq Məsudun ingilis dilinə tərcümə olunmuş “Azadlıq” romanı Bosniya və Herseqovinada geniş auditoriyanın diqqətinə təqdim edilib.
Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına həsr edilən kitab-albom və Afaq Məsudun 1990-cı illərin əvvəllərində Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsindən bəhs edən romanı səfirlik tərəfindən Bosniya və Herseqovinanın rəsmilərinə, ədəbiyyat və mədəniyyət xadimlərinə, universitet professorlarına, media rəhbərlərinə, Sarayevo şəhərində yerləşən diplomatik missiyalara göndərilib.
Bosniya və Herseqovina Parlamentinin Nümayəndələr Palatasının üzvü Nihad Ömeroviçin göndərdiyi təşəkkür məktubunda isə bu kitabların nəşrində səfirliyin göstərdiyi səylər yüksək qiymətləndirilib, onların Azərbaycanın zəngin tarixi və mədəniyyəti, xalqımızın azadlıq və istiqlal mübarizəsi haqqında dəyərli məlumatlar əldə edilməsinə töhfə verəcəyi qeyd olunub.