Fransa kolonializmindən əziyyət çəkənlər üçün yeni səhifə açılır

 

Məlumat verildiyi kimi, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 20-yə yaxın siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə iyulun 17-18-də Bakıda qurultay keçirilib.

Qapalı müzakirələrin yekunu olaraq Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər şəxsləri vahid cəbhənin – Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasına dair razılığa gəliblər.

Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında bəyannamə imzalanıb, həmçinin Cəbhənin nizamnaməsi təsdiqlənib.

Bəyannamədə Azərbaycanın dekolonizasiya prosesindəki vacib rolu, habelə Bakı Təşəbbüs Qrupunun müstəmləkə ərazilərinin azadlığı uğrunda apardığı mübarizəyə verdiyi dəstək və sadiqlik xüsusi vurğulanıb, ölkəmizə minnətdarlıq ifadə olunub.

Sənəddə Fransa kolonializminin irqçi və repressiv siyasəti pislənilib, bu xüsusda Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində Fransa hökuməti tərəfindən həyata keçirilən cinayətlər kəskin qınanılıb.

Beynəlxalq Azadlıq Cəbhəsinin təsis olunması Fransa müstəmləkəçiliyinə qarşı mərkəzləşdirilmiş platformanın, vahid çətirin yaradılması deməkdir. Qurultay iştirakçıları müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə Fransa kolonializminə qalib gələrək müstəqillik əldə etmək yolunda fəaliyyətlərinin əlaqələndirilməsinə qərar veriblər.

Cəbhənin gələcək fəaliyyətinə müstəmləkəçiliyin aradan qaldırılmasına dair strategiyanın, o cümlədən Fəaliyyət Planının və gündəliyinin hazırlanması, beynəlxalq təşkilatlara təqdim edilməsi kimi məsələlər daxildir.

Bakıda yaradılan yeni Beynəlxalq Azadlıq Cəbhəsinin saytı da istifadəyə verilib: https://fildecof.org/

***

Bu gün Fransa kolonializmindən əziyyət çəkənlər üçün vacib gündür. Artıq bizim üçün yeni səhifə açılır.

Bu sözləri Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə keçirilən mətbuat konfransı zamanı söyləyib.

“Biz bir çox istiqamətdə fəaliyyət göstərəcəyik, həmçinin konfranslar təşkil edəcəyik. Bununla da biz özümüzdən, problemlərimizdən danışacağıq və səsimizi dünyaya çatdıracağıq. Bu gün burada sizin qarşınızda olan xalqların nümayəndələri bunları edəcəklər”, – deyə o diqqətə çatdırıb.

Qeyd edək ki, Fransa Koloniyalarının Qurultayının keçirilməsi məhz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə lokomotiv rolunu üzərinə götürərək dekolonizasiya prosesinə verdiyi töhfələrin nəticəsidir. Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkələrinin azadlıq uğrunda ədalətli mübarizəsinə dəstəyini davam etdirir.