Prezident “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak edib

 

Prezident İlham Əliyev Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün iyulun 18-də İngiltərəyə işgüzar səfərə gedib.

Zirvə toplantısı Oksford şəhərində keçirilib.

Oksforddakı Blenheim sarayında dövlətimizin başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşılayıb.

İyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Plenar sessiya başa çatandan sonra iştirakçılar birgə foto çəkdiriblər.

Azərbaycan Prezidenti “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident vurğulayıb ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur: “Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir”.

Diqqətə çatdırılıb ki, Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik.

“Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qaz tədarük etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq”, – deyə İlham Əliyev vurğulayıb.

Prezident İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyasında iştirak edib.

Dövlətimizin başçısı toplantı çərçivəsində bir sıra işgüzar görüşlər də keçirib.

mövzunun davamı səh. 2-də