Ölkəmizin təqdim etdiyi layihə üzrə saziş imzalanıb
Aprelin 2-də Türkiyənin Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) “Layihə dövrünün idarə edilməsi” sistemi çərçivəsində qalib gəlmiş layihələr üzrə sazişlərin imzalanma mərasimi keçirilib.
Qalib layihələr COMCEC-in maliyyə dəstəyi əsasında həyata keçiriləcək. Bu sırada Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsi üzrə təqdim olunmuş "Ümumi mədəni irs şəhərləri" adlı layihə də yer alıb. 2014-cü ilin aprel-sentyabr aylarını əhatə edən layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir. Layihənin məqsədi COMCEC regionunda beynəlxalq səviyyədə rəqabətli turizmə və davamlı turizmin inkişafına nail olmaq və əsas turizm bazarlarında bu ölkələrin mədəni turizm resursları barədə məlumatlılığı artırmaqdır. Layihə eyni zamanda iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsinə, dördtərəfli çərçivədə turizm mübadiləsinin artmasına, bu bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb edilməsinə, İslam mədəni irsinin qorunmasına xidmət edəcək.
Tədbir çərçivəsində saziş imzalama mərasimi ilə yanaşı, layihələrin əlaqələndirici şəxsləri və koordinatorları üçün layihə dövrünün idarə edilməsi, cari hesabatların hazırlanması və təqdim edilməsi, layihənin icrasına nəzarət və s. məsələlərlə bağlı ikigünlük təlim proqramı keçirilib. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin əməkdaşı, COMCEC-in turizm üzrə işçi qrupunun əlaqələndiricisi Məleykə Hüseynova və "Ümumi mədəni irs şəhərləri" layihəsinin koordinatoru Türkan Rüstəmova təmsil edib.