Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə ənənəvi “Foto Kadr 2023” mükafatlandırma mərasimi keçirilib.

Bu barədə ctimai birlikdən məlumat verilib. Birliyin İdarə Heyətinin sədri Rəşad Mehdiyev bildirib ki, Gilavar Foto Klubunun əsas məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və imkanlarından istifadə etmək, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsilə tanıtmaqdır. Rəşad Mehdiyev qeyd edib ki, bu məqsədə çatmaq üçün birlik tərəfindən hər il müxtəlif layihələr, fotomüsabiqələr, fotosərgilər, ustad dərsləri təşkil edilir: “2023-cü ildə fotoqraflarımız Azərbaycanın adına 271 beynəlxalq mükafat qazandırıblar. Ümumilikdə isə son 10 il ərzində beynəlxalq fotomüsabiqələrdə azərbaycanlı fotoqraflar tərəfindən 830-dan artıq mükafat əldə olunub. Bu mükafatlar 129 qızıl, 62 gümüş, 59 bürünc medal, 370 fəxri lent, 214 diplom və sertifikatlardan ibarətdir. Hazırda ölkəmizdə 10-dan artıq beynəlxalq statusa malik fotoqraflarımız var”.

Sonra Gilavar Foto Klubu tərəfindən təşkil edilən, eləcə də digər beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqraflara, medallar, xüsusi lentlər və diplomlar, Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarını qazanan həmyerlilərimizə isə sertifikatlar və döş nişanları təqdim olunub. Mükafat alanlar arasında peşəkar fotoqraflar Dilavər Nəcəfov, Kərim Abbasov, Nurlan Tahirli, Valeriy Xlızov, Teymur Məmmədov, Nadejda Cavadova, Famil Mahmudbəyli, Vüqar İbadov, Aleksandr Firstov və Ruslan Hacızadə, İlqar Cəfərov və Tofiq Babayev də yer alıb.