Son illərdə Azərbaycan Aşıqlar Birliyinin (AAB) həyata keçirdiyi uğurlu layihələrdən biri də aşıqların repertuarında dastançılıq ənənəsinin yaşadılmasına böyük önəm verilməsidir.

Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, çağdaş aşıqlarımızın söylədikləri dastanlar lentə alınaraq televiziya vasitəsilə geniş ictimaiyyətə təqdim olunur, kitab halında nəşr edilir və nəticədə dastanlarımıza ikinci həyat verilir.

“Bu, aşıqların repertuarının zənginləşməsinə kömək etməklə yanaşı, həm də dastanların unudulmaması, aşıq sənətinə yeni gələn gənclərdə dastançılığa marağın artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Gənc aşıqların dastan ifaçılığına sövq edilməsi də eyni məqsədi daşıyır.

Ustadlarla yanaşı, gənc aşıqlar da AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində vaxtaşırı dastan söyləyirlər. Hazırda Elməddin Hacıbayramlı və İlham Məmmədli “Əmrah”, Qəlbinur İbrahimli və Elnur Babayev isə “Mirzə Bilal” dastanları üzərində çalışırlar. Hər iki dastan yekunlaşdıqdan sonra geniş ictimaiyyətə təqdim olunacaq. Bu, həmçinin AAB-nin nəşri olan və artıq birinci cildi işıq üzü görən çoxcildlik “Aşıq dastanları” antologiyasının növbəti cildinə daxil ediləcək”,- deyə M.Nəbioğlu vurğulayıb.