İyulun 20-də Azərbaycan Milli Konservatoriyasında “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Mədəniyyət paytaxtı” film-konsert layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən layihənin rəhbəri, İctimai Birliyinin sədri Adil Nəsibov qonaqlara layihə barədə ətraflı məlumat verib. Bildirib ki, layihə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində və ümumilikdə ölkədə bu il ərzində təşkil ediləcək silsilə tədbirlərə töhfə vermək məqsədilə icra olunur.

Adil Nəsibov qeyd edib ki, İctimai Birlik təsis edildiyi gündən etibarən həm Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, həm də daxili imkanları ilə bir çox layihələr icra edib. “Bu gün təqdimatı keçirilən film-konsertdə Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidinin imamı Mirabdullah Həsənli Şuşa şəhərindəki məscidlərin 30 illik işğal dövründə dağıdılması və Vətən müharibəsindən sonrakı bərpa prosesi haqda məlumat verib. Azərbaycan Milli Konservatoriyasının professoru, musiqişünas və film-konsertin məsləhətçisi Abbasqulu Nəcəfzadə isə ilk dəfə film-konsertdə səslənən mahnıları təhlil edib. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlısı, Vətən müharibəsi qazisi, “Qarabağ” ordenli kapitan Vüsal Həsənov Vətən müharibəsində ordumuzun göstərdiyi rəşadət haqqında, əczaçı-bioloq, sitrus bitkilərinin seleksiyaçısı Rauf Rəhimov isə insanla təbiətin harmoniyası haqqında fikirlərini bölüşüblər”, - deyə A.Nəsibov diqqətə çatdırıb.

O, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrasında dəstək göstərdiyinə görə təşəkkürünü bildirib.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Bəhram Nəsibovun musiqi mədəniyyəti tariximizdəki mövqeyindən söz açıb. Qeyd edib ki, bu gün Bəhram Nəsibovun sənətinin insanlar tərəfindən sevilməsi, onun mahnılarının dillər əzbəri olması bəstəkarın necə istedadlı olduğunun sübutudur. Onun mahnıları daimi olaraq sənətkarlar tərəfindən sevilə-sevilə oxunacaq.

Rektor “Mədəniyyət paytaxtı” film-konsert layihəsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair Əkbər Qoşalı və sənətşünaslıq elmləri doktoru, film-konsertin məsləhətçisi, professor Abbasqulu Nəcəfzadə tanınmış sənətkarın həyat və fəaliyyətindən söhbət açıblar. Bildirilib ki, unudulmaz sənətkarın xatirəsi xalqın qəlbində əbədi yaşayacaq.

Daha sonra “Mədəniyyət paytaxtı” film-konsert layihəsinin təqdimatı olub.

Bəstəkar Bəhram Nəsibovun bəstələdiyi “Vətən bağı” (Sözləri: Ağabəyim ağa Cavanşir), “Cıdır düzü” (Sözləri: Rəfiq Zəka), “İslam dünyası” (Sözləri: Nəcməddin Mürvətov), “Şuşa qalası” (Sözləri Sabir Əliyev) mahnıları ilk dəfə film-konsertdə müğənni-bəstəkar Elnur Nuri tərəfindən səsləndirilib. Film-konsertdə mahnılar, müsahiblər, kadrarxası mətnlərin, interküylərin harmoniyasında tamaşaçıya çatdırılıb. Bu da tamaşaçını mövzuya audio-vizual şəkildə tanış edir.

Film konsertin yaradıcı heyəti- layihənin rəhbəri, ssenari müəllifi, montaj Adil Nəsibov, rejissor Cəsarət Hüseynzadə, operator Elmir Mirzəzadə, məsləhətçi Abbasqulu Nəcəfzadə, prodüser Vüsal Əhmədov, redaktor Şəbnəm Tofiqqızıdır.