AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu Astara rayonunda arxeoloji qazıntıları davam etdirir.

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, Alaşa kəndi Astara rayonundan 10 kilometr cənub-qərb istiqamətində yerləşir. “Alaşa” toponiminin mənası “böyük həyat”, qədim türk dilində “cılız at” mənasını verir. Alaşa kəndi qədim tarixə malik ərazidir. Bu qədimliyi göstərən abidələrdən biri Əlişa və ya Divəkə qalasıdır. Bu abidə orta əsrlərə aid sirli memarlıq abidəsidir. Abidəni yerli əhali Divəkə, yəni divlərin evi, eyni zamanda, Əlişa adlandırır. Əzəmətli memarlıq nümunəsi olan bu qala özündə həm qədim, həm də orta əsrlərin izlərini ehtiva edir. Qala Hirkan qoruğuna daxil olan bir yerdə, dağın başında yerləşir. Qala qaya üzərində inşa olunmuş müşahidə və müdafiə qalasını özündə birləşdirir. Qazıntı zamanı çoxlu sayda saxsı qab qalıqları, şirli və şirsiz qab qırıqları, fayans tipli qab qalıqları aşkar olunub. Eyni zamanda, miniatür tipli saxsı qab aşkar olunub. Bu abidədə xüsusi diqqət çəkən tapıntılardan biri daş parçası üzərində şir başının təsviridir. Şir daşın müxtəlif tərəflərində əks olunub. Şir təsviri əzəmətin, qüdrətin rəmzidir.

Qalanın qazıntı aparılan hissəsində qırmızı kərpicdən hörülən hissənin tağ formasında olduğu, burada su axını üçün yerin olduğu da müəyyən edilib. Tədqiqatçılar qayaların dibindən suyun tökülməsi və ya axıdılması üçün su tünglərinə, həmçinin kərpiclə hörülən hissələrdə əhənglə təsvirlərə rast gəliblər. Bu təsvirlərdə müxtəlif heyvanlar əks etdirilib. Qalanın tədqiqatı davam etdirilir.

Ekspedisiyanın rəhbəri Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsinin müdiri dosent Mikayıl Mustafayevdir.