İyulun 20-də Nizami Kino Mərkəzində Özbək Kinosu Günlərinin açılış mərasimi keçirilib.

Qardaş ölkənin kino günləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə gerçəkləşir.

Açılış mərasimində Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Özbəkistan Respublikası mədəniyyət nazirinin müavini Avazxon Tadjixanov, “Özbəkkino” Milli Agentliyi baş direktorunun müavini Əlişer Xocayev və iki ölkənin kino xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış nitqi söyləyən nazir müavini Murad Hüseynov qonaqları salamlayıb. Qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında tarixi dostluq, qardaşlıq münasibətlərinin qədim tarixi var və mədəniyyətin bütün sahələrində əlaqələrimiz inkişaf etməkdədir. Qarşılıqlı olaraq hər iki qardaş ölkədə mədəniyyət günlərinin və digər mədəni tədbirlərin keçirilməsi artıq ənənə halını alıb: "Kinematoqrafiya sahəsində Azərbaycan və Özbəkistan arasında əlaqələrin təməli 1955-ci ildə Xalq artisti, rejissor Tofiq Tağızadə tərəfindən çəkilən "Görüş" filmi ilə qoyulub. Baş rolda Özbəkistanın Əməkdar artisti Nelli Ataullayevanın çəkildiyi film Azərbaycan və Özbəkistanın dostluğu haqqındadır. Bundan sonra müxtəlif dövrlərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Qızıl qaz", "Bəyin oğurlanması" filmlərində bir sıra özbək aktyorları çəkilib. 1980-ci illərdə Azərbaycanın görkəmli kino aktyorları Fəxrəddin Manafov, Rasim Balayev, Tariyel Qasımov və digərləri bir sıra özbək filmlərində rol alıblar. Hazırda Azərbaycan Dövlət Film Fondunda 46 Özbəkistan filmi və digər kino materialları qorunub saxlanılır. Onların arasında məşhur özbək rejissorları Şöhrət Abbasov, Lətif Feyziyev və başqalarının da filmləri var. Əminəm ki, iyulun 23-dək davam edəcək Özbək Kinosu Günləri yüksək səviyyədə keçiriləcək, kinosevərlər üçün əsl kino bayramına çevriləcək".

Özbəkistan mədəniyyət nazirinin müavini Avazxon Tadjixanov Azərbaycanda olmağından məmnunluğunu ifadə edib. Bildirib ki, bu gün Özbəkistanda "Arşın mal alan", "Qayınana"  və s. kimi məşhur Azərbaycan filmləri tez-tez nümayiş olunur. Özbək xalqı həmin filmləri sevərək izləyir: "Bu gün Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu yaxınlarda ölkəmizdə Azərbaycan Mədəniyyət Günləri yüksək səviyyədə təşkil edildi. Onu da deyim ki, bu qardaş türk respublikalarının birgə işrirakı ilə "Molla Nəsrəddin. Çətin günlərimin dostu" adlı tammetrajlı bədii film çəkiləcək. Əminəm ki, bu film ərsəyə gələndən sonra nəinki türk respublikalarında, eyni zamanda bütün dünyada maraqla qarşılanacaq".

Avazxon Tadjixanov çıxışının sonunda Özbək Kinosu Günləri çərçivəsində təqdim olunacaq filmlərin azərbaycanlı kinosevərlər tərəfindən sevilərək izləniləcəyinə ümidvar olduğunu söyləyib, yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Sonra rejissor Yolkin Tuyçiyevin “Evrilish” (“Təkamül”) bədii filmi nümayiş olunub.

Film Əfqanıstan müharibəsindən bəhs edir və beynəlxalq reallıqları fərqli prizmadan göstərir. Əsərin qəhrəmanı Rüstəm Əfqanıstan müharibəsinə Özbəkistandan çağırılmış sovet əsgəridir. Rejissor tarixi hadisə ilə insanın taleyi arasındakı əlaqəyə xüsusi diqqət yetirir. Filmdə həmçinin Sovet İttifaqının dağılma tarixindən, külli miqdarda sərvət əldə etmiş Rüstəmin və onun tanışlarının həyatında baş verən dəyişikliklərdən bəhs olunur.

Ekran əsərində Olmas Orayev, Bahrom Matchonov, Botir Abdurahmanov, Jorabek Arziyev, İlmira Rahimjonova, Yulduz Rajabova və başqaları çəkiliblər.

Qeyd edək ki, Özbək Kinosu Günləri çərçivəsində tamaşaçılar iyulun 21-də saat 14:00-da “Yasha, xotin” (“Yaşa, arvad”), 16:00-da “Sudya” (“Hakim”) filmlərini izləyəcəklər.

İyulun 23-də, sonuncu gün saat 11:00-da “Baxodir” (“Bahadır”) filmi nümayiş etdiriləcək. Nizami Kino Mərkəzində təqdim olunacaq seanslara giriş sərbəstdir.

Qeyd edək ki, sonuncu dəfə ölkəmizdə Özbək Kinosu Günləri iki il öncə – 2022-ci ilin 7-9 dekabr tarixlərində keçirilib.

Nurəddin Məmmədli