Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Arxeologiya və Antropologiya İnstitutunun Xocalı şəhərində fəaliyyət göstərən arxeoloji ekspedisiyasının işi ilə tanış olub.

AMEA-dan bildirilib ki, institutun direktoru dosent Fərhad Quliyev qədim yaşayış məskənində açıq səma altında muzey – Xocalı Arxeoloji Parkının yaradılacağı və “Bakı Abadlıq Xidməti” tərəfindən ictimaiyyətə təqdim ediləcəyi, bunun arxeoturizmin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.

Arxeoloji ekspedisiyanın rəhbəri dosent Şamil Nəcəfov Xocalı nekropolunda və buradakı qədim türbənin ətrafında aparılan qazıntılar barədə geniş məlumat verərək tapılmış maddi-tarixi mədəniyyət nümunələrini, ərazinin ilkin mülahizələr üzrə tərtib olunmuş sxemini AMEA prezidentinə təqdim edib.

AMEA prezidenti akademik İsa Həbibbəyli qazıntı işlərinin gedişatını izləyib, elmi-tədqiqat müəssisəsinin rəhbərliyinə və ekspedisiya üzvlərinə müvafiq tövsiyələrini çatdırıb.

Akademiya rəhbəri, həmçinin arxeoloji qazıntı sahəsinə bitişik olan Xocalı türbəsinə baxış keçirib. Ona XIV əsrdə inşa edilmiş Xocalı türbəsinin tarixi barədə ətraflı məlumat verilib.

Akademik İsa Həbibbəyli ekspedisiya aparılan əraziyə arxeoloqlarla yanaşı, tarixçi, antropoloq, etnoqraf, folklorçu və dilçi alimlərin də qısamüddətli səfərlərinin təşkil edilməsinin xüsusi əhəmiyyətini vurğulayıb, Xocalı türbəsinin tarixi-memarlıq xüsusiyyətlərinin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.