Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Minhaciddin Mirzo, “Yanqi Ovoz” Mərkəzi Asiya Yazıçılar və Tarixçilər Birliyinin sədri, qırğızıstanlı şair, tərcüməçi Joldoşbek Monoldorov və həmyerlilərimiz - Aktivist Rəssamlar Assosiasiyasının üzvü Naqiyə Rzayeva, Nəvai Metin və İntiqam Cəfərov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.

Bu barədə Ədəbiyyat Muzeyindən bildirilib.

Muzeyin direktoru akademik Rafael Hüseynov bildirib ki, çoxəsrlik zəngin tarixi ənənələrə bağlılıq və ortaq ədəbi abidələrin olması bu gün də Azərbaycan-Özbəkistan-Qırğızıstan ədəbi-mədəni əlaqələrinin davam etdirilməsinə zəmin yaradıb.

Akademik Rafael Hüseynov qeyd edib ki, özbək klassik şairlərinin Nizami Gəncəvi irsinə münasibəti, həmçinin XV əsrdən sonra Əlişir Nəvainin əsərlərinin Azərbaycan klassiklərinin yaradıcılığına təsiri danılmazdır və bu, muzeyin ekspozisiyasında əksini tapıb.

Görüşdə Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin daha da genişləndirilməsinə dair müzakirələr aparılıb. Həmçinin özbəkəsilli şair-filosof Əlişir Nəvainin 585 illik yubileyi ərəfəsində birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Komparativistika və bədii tərcümə şöbəsinin elmi işçisi Zarema İbrahimovanın təqdimatı ilə muzeyin ekspozisiyası ilə tanış olan qonaqlar “Rəy kitabı”nda təəssüratlarını bölüşüblər.