“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu iyulun 22-də işini başa çatdırıb.

Forumun sonuncu sessiyası “İqlim hərəkatı və media” mövzusuna həsr olunub.

“Riqa TV24” və “Radio Latvia”nın aparıcısı Ansis Bogustovsun moderatorluğu ilə keçirilən sessiyada çıxış edən COP29-un BMT-nin İqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai COP-un özlüyündə təkcə hökumətlərarası danışığı deyil, bütün cəmiyyəti əhatə etdiyini bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə inklüziv yanaşmanı istəyir.

COP-un böyük proses olduğunu vurğulayan Nigar Arpadarai əlavə edib: “Biz hamını Bakıya dəvət edirik. Çünki hər bir insan iqlim dəyişikliyi ilə mübarizədə töhfə verə bilər. Bakı bu baxımdan uyğun müstəvidir”.

N.Arpadarai Azərbaycanın bərpaolunan enerjiyə çox böyük üstünlük verdiyini də vurğulayıb.

Böyük Britaniyanın “Methinks” şirkətinin enerji təhlükəsizliyi üzrə mütəxəssisi Con Roberts Azərbaycanın neft-qaz istehsalçısı kimi bir çox xarici media tərəfindən qınaq obyektinə çevrildiyini deyib. “Sanki Azərbaycan ekologiyaya zərər verir. Lakin bir çox ölkələr, ən əsası da ekoloji problemlərdən danışan ölkələr təbiətə zərər verənlərdən biridirlər.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın öz qazını Avropaya çatdırmaq üçün gücü var. Lakin kabelləşmə, qazın daşınması xərcləri kimi çətinliklərlə üzləşir”, - deyə o bildirib.

“Berliner Zeitung” qəzetinin icraçı direktoru Holger Fridrix, “Arabian Gulf Business Insight” xəbər portalının baş redaktoru Fransis Martin Kane payızda keçiriləcək COP29 çərçivəsində müzakirələrdə ziddiyyətli mövqelər, maraqlar arasında balansın yaradılmasının vacibliyini qeyd ediblər.

Jurnalistlərin ekoloji problemlərlə bağlı mesajlarını çatdırmaları üçün bacarıqlı olmalı olduqlarını diqqətə çatdıran qonaqlar sensasiya, reklam xatirinə xəbər paylaşmağı düzgün hesab etmədiklərini vurğulayıblar. Natiqlər iqlim dəyişikliyinin çox ciddi və məsuliyyətli mövzu olduğunu, jurnalistlərin bu məsələdə daha çox məlumatlı olmalarının vacibliyini söyləyiblər.

Bildirilib ki, dünyada iqlim dəyişmələrinin qarşısının alınması, ekoloji sabitliyin və tarazlığın yaradılması, dayanıqlı inkişafın təşviq edilməsi və bu istiqamətdə əhəmiyyətli nəticələrin əldə olunmasında media xüsusi rol oynayır. Bu səbəbdən media və kommunikasiya vasitələrinin mövcud proseslərdə düzgün istifadə edilməsi, hədəf auditoriyaya hesablanan təsirli mesajları ötürməsi, kütləvi fərqindəlik və məsuliyyət hisslərini formalaşdırması iqlim dəyişmələrinə qarşı kollektiv qabaqlayıcı tədbirlərin görülməsi və ya belə tədbirlərin effektivliyinin artırılmasında zəruridir.

Panel sessiyada, həmçinin iqlim hərəkatında medianın rolu, yaşıl dünya naminə səmərəli məlumatlandırma mexanizmlərinin hazırlanması, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində ictimai gündəmin yaradılmasında medianın əhəmiyyəti kimi mövzularda müzakirələr aparılıb.

Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun nümayəndələrinin qatıldıqları Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.