Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında oxucuların asudə vaxtının səmərəli təşkili məqsədilə şahmat saatı keçirilib.
Kitabxanadan bildirilib ki, tədbirin əsas məqsədi uşaq və yeniyetmələrin maraq, meyil və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılması, onların asudə vaxtının səmərəli təşkilidir.
Hər yaş dövründə uşaqların asudə vaxtlarının məqsədyönlü, planlı, mütəşəkkil təşkil olunmasının xüsusi əhəmiyyəti var. Uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünəməxsus yeri var. Əyləncəli və zehni inkişaf etdirən idman növü olan şahmat sayəsində insanın ətrafını tanıması və onlarla ünsiyyət qurması daha da asanlaşır.
Şahmatı digər idman növlərindən fərqləndirən əsas cəhət ətraf mühitlə əlaqə qurmaq üçün əla vasitə olmasıdır. Şahmat milyonlarla fərqli kombinasiya, ardıcıllıq, ehtimal, hesablama, strategiya, hücum, müdafiə, səbir, zəka və diqqət tələb edir. Həyatda da, şahmatda da əsas şey mübarizədir. İdmanın bu növü insanda idarəetmə bacarığını üzə çıxarır və oyunda olduğu kimi, həyatda da bir addım öndə olmaq üçün hədəflərin olmasını və məqsədə çatmaq üçün mövcud olanlardan səmərəli istifadə edilməsini öyrədir.