Məlum olduğu kimi, təbii və digər səbəblərdən tarixi tikililər və heykəltaraşlıq nümunələri zaman-zaman korroziyaya və çirklənməyə məruz qalır. Bu da həmin abidələrin bütövlüyünə xələl gətirir, dayanıqlığına təsirsiz ötüşmür. Həmçinin müxtəlif səbəblərdən çirklənmiş abidələrin vizual olaraq görkəmində də dəyişiklik yaranır. Buna görə də həmin tikili və heykəllərə mütəmadi düzgün qulluq olunmalıdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bu məsələ daim diqqətdə saxlanılır. Nazirliklə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhərində yerləşən heykəllərin monitorinqi aparılıb və bəzi heykəllərin bərpaya ehtiyacı olduğu müəyyən edilib. Artıq təklif əsasında ixtisaslaşmış texniki heyət tərəfindən bərpa və təmizləmə işlərinə başlanılıb. Məqsəd heykəllərin orijinal vəziyyətə qaytarılmasıdır.

Qeyd edək ki, layihə çərçivəsində növbəti bərpa-təmizləmə işləri görkəmli Azərbaycan şairi və mütəfəkkiri, bu il dövlət başçısının sərəncamı ilə anadan olmasının 530 illiyi qeyd edilən Məhəmməd Füzulinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qarşısında ucaldılan heykəli üzərində aparılıb.

Dahi şairin vəfatının 400 illiyi münasibətilə 1958–1963-cü illərdə hazırlanan abidənin heykəltaraşları Tokay Məmmədov və Ömər Eldarov, memarı isə Hacı Muxtarovdur. Yeri gəlmişkən bu əsərə görə Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülüblər. Abidə təbii çəhrayı qranit daşından hazırlanmış postament üzərində ucalan bürünc heykəldən və onun qarşısında yerləşən fəvvarədən ibarətdir.

Hündürlüyü 12 metr olan heykəlin yuxarı hissəsində təbii təsirlərdən baş vermiş rəng dəyişmələri və korroziyaların aradan qaldırılması, onun ilkin vəziyyətinə qaytarılması üçün təmizləmə həyata keçirilir. Sonrakı mərhələdə abidədə, qaydalara uyğun olaraq, rəngləmə aparılacaq. Xalq rəssamı, akademik Ömər Eldarovun məsləhətinə uyğun olaraq, abidə tünd-şabalıdı rəngə boyanacaq. Daha sonra heykəlin yad təsirlərdən uzunmüddətli qorunması məqsədilə ona qoruyucu qat çəkiləcək.

Heykəllərin unikallığının qorunması və təhlükəsizliyinin təmin olunması məqsədilə peşəkar heykəltaraşların nəzarəti altında texniki heyət tərəfindən görülən işlər bütün standartlara uyğun və keyfiyyətlə həyata keçirilir.

***

İyulun 23-də Mirzə Ələkbər Sabirin heykəli qarşısında Mədəniyyət Nazirliyinin heykəllərin cilalanması ilə bağlı reallaşdırdığı layihə çərçivəsində tədbir təşkil olunub.

Nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova jurnalistlərə açıqlamasında qeyd edib ki, monumental abidələri qorumaq və mütəmadi olaraq cari vəziyyətini təhlil etmək lazımdır. Ölkəmizdə bu sahə üzrə dünya təcrübəsindən istifadə edilir: “Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Abadlıq Xidməti ilə birgə paytaxtımızda yerləşən heykəltaraşlıq nümunələri təmizlənilir, ehtiyac olan abidələrdə bərpa işləri aparılır”.

Ümumilikdə 20 heykəlin təmizlənməsinin nəzərdə tutulduğunu deyən sənətşünaslıq üzrə fəlsəfə doktoru, heykəltaraş Fərman Qasımov bildirib ki, hazırda üç heykəl üzərində işlər yekunlaşıb. Dördüncünün üzərində son tamamlanma işləri gedir.

Heykəltaraş Orxan Nəbizadə isə deyib: “Monitorinq zamanı bir sıra abidələrin bərpaya ehtiyacı olduğunu gördük. Abidələrin əsaslı bərpası deyərkən, ilk növbədə, zahiri estetik görünüş nəzərdə tutulur”.

Qeyd edək ki, Bakıda tanınmış şəxsiyyətlərə qoyulan ilk heykəl 1922-ci ildə ucaldılmış görkəmli satirik şair, maarifçi Mirzə Ələkbər Sabirin heykəlidir. Müəllifi Yakov İosifoviç Keylixis olan heykəl sənətkarlıq baxımından o qədər də uğurlu olmur. Heykəlin yerləşdiyi bağda quruculuq işləri aparılır. Bu işlərdə əsas məqsəd bağın sərt qala divarları və ətrafda olan qədim tikililərlə harmoniyasını yaratmaq idi. Sabirin heykəli bu harmoniyaya uyğun gəlmədiyindən onu yenisi ilə əvəzləmək qərarına gəlirlər. Beləliklə, heykəltaraş Cəlal Qaryağdı 1958-ci ildə Sabirin indiki heykəlini hazırlayır. Əsərin memarları Ə.İsmayılov və Q.Əlizadədir.

Abidənin postamenti qranitdən, heykəl hissəsi isə bürünc materialdan ibarətdir. Layihə çərçivəsində abidənin heykəl hissəsində təmizləmə işləri aparılıb. Abidə qumlama üsulundan istifadə edilməklə təmizlənib. Abidənin rəng tonu da eynisi ilə əvəzlənib, kənar təsirlərdən daha yaxşı mühafizə olunması üçün üzərinə qoruyucu təbəqə çəkilib.